Litvanın xarici işlər naziri Linas Linkeviçus, Polşanın xarici işlər naziriRadoslav Sikorski və Britaniyanın xarici işlər nazirinin müavini Devid Lidinqton oktyabrın 14-də Britaniyada "Şərq Tərəfdaşlığı: İrəliyə doğru" mövzusunda keçirilən Vilton Park Konfransında (Wilton Park Conference) birgə bəyanat veriblər. Trend-in məlumatına görə, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.Bəyanatda vurğulanıb ki, Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti Avropa İttifaqının (Aİ) Şərqi Avropa tərəfdaşları ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.Bəyanatda assosiasiya sazişlərinin imzalanması, Aİ ilə daha sıx əlaqələrin qurulması, açıq iqtisadi siyasət və demokratiyanın gücləndirilməsinə nail olmağa çalışan Şərqi Avropa tərəfdaşlarına bundan sonra da dəstək olacağı vurğulanıb.Tədbirdə əsas diqqət Şərq Tərəfdaşlığı siyasətinin nailiyyətləri, tərəfdaş ölkələrdə siyasi və iqtisadi islahatlar, onlarla sıx əməkdaşlıq, dərin və hərtərəfli azad ticarət sahəsinə yönəlib. Konfrans iştirakçıları, həmçinin Şərq Tərəfdaşlığının perspektivləri, Vilnüs sammitindən sonra bu təşəbbüsün gücləndirilməsi və inkişafi yollarını müzakirə ediblər.
Mənbə: Milli.Az