Qadin.NET / Şəkililər bayrama hazırlaşırlar

Şəkililər bayrama hazırlaşırlar

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki sakinləri digər bayramlar kimi Qurban bayramına böyük önəm verirlər. Şəkinin mal bazarında qurban bayramının ab-havası yaşanır. Bazarda sıxlıq əlindən, demək olar ki, irəliləmək mümkün deyil, az da olsa, imkanı olan hər kəs bazara üz tutub. Bu cür sıxlığı görəndə ilk olaraq insanda qiymətlərin baha olacağı təəssüratı yaranır. Amma qiymətlərlə maraqlandıqda hər kəsin bir qurbanlıq qoyun alaraq sevinclə evlərinə getməsini müşahidə etdikdə sıxlığın da elə ucuzluq səbəbilə olduğu başa düşülür.Çünki bu təssərüfatla məşğul olan hər kəs bəlkə də aylardı bu günü gözləyiriblər ki, öz heyvanlarını bayramda satsınlar. Heyvanların bol olması isə təbii ki, qiymətlərin də əvvəlki günlərə nisbətən daha da ucuzlaşmasına səbəb olub. İribuynuzlu mal-qaraya tələbat isə o qədər də çox deyil. Camış və inək kimi heyvanlar, demək olar ki, satılmır.Əhali daha çox xırdabuynuzlu heyvanlara üstünlük verir. Ən çox satılan qoyunların qiyməti isə onların çəkisindən asılı olaraq dəyişir. Bir qurbanlıq qoyun almaq istəyənlər ən azı 140-160 manat xərcləməlidirlər. Bu isə əvvəlki qiymətlərlə müqayisədə 10 manat ucuzdur. İslama görə, ancaq sağlam heyvanlar qurban kəsilə bilər. Elə bu səbəbdən də bazara gətirilən heyvanlara baytar həkimlər tərəfindən nəzarət olunmaqla satılır. Heyvanlar ilk öncə müayinə edilir və müayinədən keçməyən heyvanların satışı qadağan olunur. Hər halda hər bir ailə bu bayramı ən gözəl şəkildə keçirmək istəyir.İmkanı olanların kəsdikləri qurbanlıq payından kasıblara, imkanı olmayanlara pay verməsi onların da bayramlarını daha yaxşı keçirməsinə səbəb olar.Biz də bütün qurban kəsənlərin qurbanının Allah tərəfindən qəbul edilməyini arzulayırıq.

 

Mənbə: Milli.Az

15 oktyabr 2013
GO BACK