Qadin.NET / Bu il Azərbaycana payız erkən gəldi?

Bu il Azərbaycana payız erkən gəldi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda bu il payız fəslinə xas olan havaların ötən illərdə olduğundan daha tez müşahidə edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, son 30-32 ilin meteoroloji müşahidələrinə əsasən, Azərbaycanda 2013-cü il sentyabr ayının temperatur rejimi iqlim normasına yaxın olub. Lakin sentyabr ayının son 8 günündə temperatur iqlim normasından 4-6 dərəcə aşağı olub: "İnsanların yaddaşında yalnız həmin 8 günün hava şəraiti qalıb. Bu 8 günə görə bütün ayı qiymətləndirmək olmaz. Çünki sentyabrın əvvəlində və ortalarında temperaturun iqlim normasından yüksək olduğu günlər müşahidə edilib".U.Tağıyeva qeyd edib ki, ümumilikdə son 32 il ərzində Bakıda 19 il sentyabrda temperatur normadan yuxarı olub. Aran rayonlarında son 32 ildə 29 il normadan yuxarı temperatur rejimi qeydə alınıb. Respublikanın dağlıq ərazilərində 32 il ərzində 25 il temperatur normadan yuxarı olub: "Bir həftənin soyuq keçməsi o demək deyil ki, bütün sentyabr ayı soyuq keçib. Ona görə də biz bu il payızın erkən gəlməsi fikrini söyləyə bilmərik. Bu fikri söyləmək düzgün olmaz".O deyib ki, bu il sentyabrın 29-da orta sutkalıq göstərici 16 dərəcə isti olub. Bundan əvvəlki illərdə isə həmin gün üzrə ən aşağı orta sutkalıq temperatur 19,8 dərəcə isti olub. Builki göstərici rekord göstəricidən 3 dərəcə aşağı olub.Azərbaycanda ən soyuq oktyabr ayının 1976-cı ildə müşahidə edildiyini deyən U.Tağıyeva bildirib ki, bu il oktyabrın ilk günlərində respublikanın yüksək dağlıq ərazilərinə qarın yağması qeyri-adi proses deyil. Sentyabr-oktyabr ayları keçid dövrü hesab olunduğundan oktyabrda belə hava şəraiti müşahidə edilə bilər.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK