Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Paşazadə hamını dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, Allah rizası üçün kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını diləyib:"İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı iki gün bayram etmək səadəti nəsib olub. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar".Şeyx qeyd edib ki, Azərbaycan dövlətinin həyatında mühüm hadisə - Prezident seçkiləri dönəmində müqəddəs Həcc ziyarətində olan zəvvarların öz seçki hüquqlarını məhz mübarək məkanda həyata keçirmələri Allahın dövlətimizə və onun rəhbərinə olan lütfü və mərhəmətidir. Bu, Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır:"Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik".A.Paşazadə vurğulayıb ki, valideyinlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir: "Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!"
Mənbə: Milli.Az