Azərbaycanda qısa müddət davam edəcək qeyri-sabit hava şəraitindən sonra oktyabrın 16-dan başlayaraq ölkə ərazisində havanın temperaturu yenidən yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 17, 18 və 19-da ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 4-5 dərəcə yüksələcək.Həmin günlərdə Bakıda havanın temperaturunun 22-27, rayonlarda isə 23-28 dərəcə olacağı gözlənilir. Oktyabrın III ongünlüyündə bəzi günlərdə temperaturun aşağı düşəcəyi proqnozlaşdırılır.Qeyd edək ki, oktyabrın 14-ü axşamdan 16-sı gündüzə kimi Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bakı və Abşeron yarımadasında yağış yağacaq, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı gözlənilir. Həmin günlərdə, əsasən, şimal və şərq rayonlarında da havanın intensiv yağıntılı olacağı proqnozlaşdırılır.
Mənbə: Milli.Az