Qadin.NET / Xəstələri özəl klinikalara çağıran həkimlər...

Xəstələri özəl klinikalara çağıran həkimlər...

Saat 15 radələrindən sonra xəstəxanalarda yalnız növbətçilər gözə dəyir. Modern.az yazır ki, dövlət xəstəxanasına üz tutan pasient həkimi yerində tapa bilmədiyindən ağrıdan qıvrıla-qıvrıla səhəri gözləməyə məcbur olur.“Ağrını həkim deyil, çəkən bilir” deyib dözümü olmayanlar isə məcburiyyət qarşısında qalaraq həkimlə əlaqə saxlayıb həkimi xəstəxanaya çağırtdırmaq istəsə də, bu xahişlər də yerə düşür. Dövlət xəstəxanasını “ağa yarıdıb, haqq çıxardan” həkim isə pasientini günorta saatlarından sonra işlədiyi özəl klinikaya dəvət edir. Sözsüz ki, bu da hər xəstənin cibinə uyğun gəlmir. Beləcə, həkimlərin maddi maraqları “Hippokrat andı”nı üstələmiş olur.Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər iş qrafiklərini Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmək və fəaliyyət şərtlərinə uyğun qururlar. Deputatın sözlərinə görə, ümumi normativə əsasən, həkimlər həftə ərzində 36 saat işləyirlər. Yəni həftənin hər günü işləyənlər gün ərzində 6 saat, həftənin 5 günü işləyənlər isə günə 7 saat işləməli olurlar. “Hər bir müəssisənin iş qrafiki var. Bu qrafikə uyğun olaraq işçinin müəyyən olunmuş iş qrafiki olur. Dövlət klinikaları da həkimlərin iş qrafikini müəyyənləşdirir. Orada həkimlər ümumilikdə gün ərzində 6 saat çalışırlar. Özəl klinikalarda isə həkimlər sərbəstdirlər. Bu mənada ilk növbədə xəstələr sahə həkimləri vasitəsilə klinikanın, həkimin iş qrafikini öyrənməlidirlər. Digər tərəfdən bütün xəstəxanaların qəbul şöbəsi var ki, xəstə onlarla əlaqə saxlayaraq həkimin iş qrafikini dəqiqləşdirə bilər. Hər klinikanın daxili nizamnaməsi var və bu nizamnaməyə uyğun olaraq iş qrafiki tənzimlənməlidir. Tibb müəssisələri iş qrafiklərini xəstələrin istəyinə uyğun qurmur. Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmək və fəaliyyət şərtlərinə uyğun qurur. Həkimlərlə bağlı ümumi normativə görə həftənin bütün günü işləyən həkimləri 36 saat, həftənin 5 günü işləyirlərsə, günə 7 saat işləməlidirlər. Əmək Məcəlləsinə uyğun olaraq iş saatından erkən işi tərk edən həkimlər ilk dəfə ciddi xəbərdarlıq alırlar, növbəti dəfə isə işdən azad olunma ilə nəticələnir”, - deyə Musa Quliyev bildirdi.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK