Qadin.NET / Qız qızıla dönüb...

Qız qızıla dönüb...

 

Beynəlxalq Qızlar Günündə Azərbaycanın acı mənzərəsi; qızların 10 faizi dünyaya göz açmadan məhv edilir; yaxın gələcəkdə oğlanlar evlənməyə qız tapmayacaq?“İki qızdan sonra mütləq oğlum olmalı idi. Ya da boşanacaqdıq. Çünki ərim qızlarımızı çox istəsə də, deyirdi ki, biz özgə yuvası üçün gəlin böyüdürük, evimizdə oğlumuz olmasa, ocağımız boş qalacaq. Bir neçə dəfə qız olacağı üçün hamiləliyi yarıda kəsdim, hələ də onun altını çəkirəm”.41 yaşlı Təranə Allahverdiyevanın üçüncü uşağı oğlan olub. Amma dördüncü cəhddən sonra. Hər dəfə hamilə qalanda sadəcə Allaha dua edib ki, bu dəfə oğlu olsun. Amma hamiləliyin ilk 3 ayına qədər gözləyib, “uşağın cinsini deyən” məşhur UZİ həkiminin yanına gedib və... mənfi nəticə: “Hər dəfə UZİ aparatından ağlaya-ağlaya çıxırdım. Axırıncı dəfə heç ərim də mənimlə gəlmədi. Dedi, səndən oğlan doğan çıxmayacaq. Həkim deyəndə ki, oğlandır, otaqda sevindiyimdən ağladım. Ərimə zəng elədim, inanmadı. Özü gəldi həkimə. Axşam da evdə qonaqlıq verdi uşağa görə”. Təəccüblü olsa da, 21-ci əsr Azərbaycanında hələ də uşaqları cinsiyyətinə görə ana bətnindəcə qətlə yetirirlər. İnsan həyatına “oğlan turş alça kimidir, uzaqdan ağzının suyu axır, amma yeyəndə dodağın büzüşür” təfəkkürü ilə yanaşanlar da az deyil. Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilməsəydi, bu mövzu da diqqətimizi o qədər cəlb etməyəcəkdi. Amma Azərbaycanda yaşanan ən ağrılı, üstüörtülü mövzulardan biridir bu. Əsrlər öncə doğulan qız uşaqlarını diri-diri basdırdıqları kimi, indi də texnikanın köməyi ilə ana bətnindəki qız körpələr dərhal məhv edilir. Səbəb kimi nəslin davam etməsi göstərilsə də, şüuraltında başqa məqamlar yatır. Bu barədə bir qədər sonra... Ginekoloq Zülfiyyə Tanrıverdiyeva deyir ki, onlar üçün doğulacaq uşağın qız, ya oğlan olmasının heç bir fərqi yoxdur. Sadəcə analar seçimlərini daha çox oğlanların xeyrinə edirlər: “İlk uşaqda heç bir problem olmur. Ata da, ana da sevinir. 9 ay müddətində də aralarında heç bir problem olmur. Amma ikinci uşağı mütləq oğlan istəyirlər. İndiki ailələr daha çox iki uşağa hesablanır. İstəyirlər, bir oğlan, bir qızla kifayətlənsinlər. İndi maddi imkansızlığa görə çox adam uşaq zəmanəsi olmadığını düşünür”. Ginekoloq deyir ki, gəlinlərə daha çox qayınanalar müdaxilə edirlər. Onlar oğlan nəvə üçün az qala psixoloji təzyiq göstərirlər. Müsahibimizin sözlərinə görə, bu səbəbdən də ən optimal variant kimi cinsə görə planlaşdırılmış hamiləlikdir. Burada bir haşiyə çıxaq. Uşaq oğlan olacaq, ya qız?Qədim çinlilər fikirləşirdilər ki, bu, doğrudan da mümkündür. Onların fikrincə, payız, qış aylarında baş verən mayalanmadan oğlan, yaz və yaydakından isə qız uşağının doğulması ehtimalı daha yüksəkdir. Yaponlarda isə doğulacaq uşağın cinsinin təyin olunması üçün xüsusi cədvəl belə mövcuddur. Təəssüf ki, təcrübə bu üsulların o qədər də dəqiq olmadığını göstərir. Lakin körpənin hansı cinsə mənsub olacağını müəyyənləşdirmək üçün başqa üsullar da var. Yaş nəzəriyyəsinə əsaslanan fikirlərə görə isə növbəti hesablamalarla cinsi təyin etmək olar: əgər sizin tamam olmuş yaşınız cüt rəqəmlidirsə (məsələn, 22, 26, 28 və s.) ilin cüt aylarında (fevral, aprel, iyun, avqust, oktyabr, dekabr) baş vermiş mayalanmadan dünyaya gələcək uşağın qız olacağı ehtimalları, tək aylarda (yanvar, mart, may, iyul, sentyabr, noyabr) olmuş mayalanmadan isə oğlan olma şansları daha yüksəkdir. Və əksinə tam yaşınız tək rəqəmlidirsə, tək aylarda qız, cüt aylarda isə oğlan uşağını həyata gətirəcəyiniz ehtimalı artır. Əlbəttə ki, bu nəzəriyyənin də tərəfdarları olduğu kimi, əleyhdarları da ola bilər.

Amma ginekoloq müsahibimiz deyir ki, gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi kimi implantasiyaönü perinatal diaqnostika hesab olunur. Başqa sözlə, süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermotozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn ailədə irsi xəstəlik (hemofiliya, talassemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.Azərbaycanda qadınların sayı azalır Oktyabrın 11-də dünyada qız uşaqlarının günü qeyd olunurdu. “Science” jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə hər 100 qıza qarşı 115 oğlan dünyaya gəlir.Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə 174 min 469 uşaq doğulub. Bunlardan 93 min 587-i oğlan, 80 min 882-i qız uşağıdır. Bu ilin birinci yarısında isə ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür. Sosioloqlar isə düşünürlər ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməniş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur, əzilir. Bu səbəbdən də heç bir ana öz yaşadıqlarını övladlarının da təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki, müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir.
Qızların 10 faizi dünyaya göz açmadan məhv edilir Bu yaxınlarda açıqlanmış bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Sözügedən araşdırmanı, ayrı-ayrı ölkələrin rəsmi statistikasına dayanaraq, ABŞ-da mənzillənən, cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan Quttmaxer İnstitutunun əməkdaşları aparıblar. Bu araşdırmadan o da bilinib ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Müəlliflər özəlliklə ultrasəs müayinəsinin tətbiqindən sonra bəzi postsovet ölkələrində selektiv abortların artdığını vurğulayır.Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2009-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.Bu arada Milli Məclisə ultrasəs müayinəsi zamanı dölün cinsini açıqlamağın həkimlərə qadağan edilməsi ilə bağlı təklif verilib. Amma hələlik bu təkliflə bağlı müzakirələr gedir və sonuc əldə edilməyib. Ekspertlər hesab edirlər ki, bu qadağa tətbiq edilsə də, ona riayət etmək, bu mexanizmi tapmaq çətin olacaq: “Bu halda da ultrasəs müayinəsi ilə bağlı qara bazar yaranacaq. İnsanlar hansısa gizli yollarla bu üsuldan yararlanmağa çalışacaqlar. Nəticədə isə vəziyyət daha da pisləşəcək. Ona görə də qadağa tətbiq etmək yerinə təfəkkürlərdəki qüsuru aradan qaldırmaq lazımdır”. Məktəblərdə isə oğlan uşaqlarının sayı get-gedə artmaqdadır. Müəllimələr daha çox şagirdlərin cinsi arasındakı fərqdən narazılıq edirlər.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK