Qadin.NET / Şeytanla odunçunun döyüşü

Şeytanla odunçunun döyüşü

 

Odunçuluqla məşğul olan bir şəxs vardı. Allaha ibadətini edər, kimsənin işinə qarışmazdı.

 

Bu zahid adamın olduğu kəndin yaxınlığında bir kənd daha vardı, onlar dağda müqəddəs kimi qəbul etdikləri bir ağaca tapınardılar, ondan murad gözləyərdilər.
Odunçu bir gün: "Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də bir qövmü Allaha üsyandan qurtarmış olaram", - deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.
Həmin dağa doğru gedəndə yolda əcaib sifətli murdar bir adam qarşısına çıxıb hara getdiyini soruşur.
Odunçu:
- Xalqın Allah deyə ibadət etdikləri ağacı kəsməyə gedirəm.
Adam odunçuya:
- Mən şeytanam... O ağacı kəsməyinə icazə vermərəm.
Bu söz odunçunu bərk qəzəbləndirir.
Onu öldürmək üçün hücum edir və yerə yıxır. Üzərinə oturub iti baltasını boğazına dirəyir.
Şeytan:
- Ey odunçu, sən məni öldürə bilməzsən. Allah mənə Qiyamətə qədər icazə verib. Gəl o ağacı kəsmə, səninlə razılaşaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Sənin nəyinə gərək kimsə ağaca tapınır, günah edir, qızılını al, işinə bax.
Odunçu şeytanı buraxır.
Beləliklə odunçu ağacı kəsməkdən vaz keçir, evinə dönür. Axşam yatıb səhər yastığının altına baxdıqda, qızıl görür. Məmnun qalır. Lakin növbəti gün şeytan qızılı qoymur. Odunçu hirslənib baltasını götürüb dağa ağacı kəsməyə gedir. Yolda yenə şeytanla qarşılaşır. Onu görən kimi:
- Sən yalançısan, aldatdın məni! Hanı bugünkü qızıl payım? - deyir və hücum edib yenə yıxmaq istəyir.
Lakin bu dəfə şeytan odunçunu yerə yıxır. O, çox məəttəl qalıb təəccüblənir.
- Təəccübləndin? Nə üçün mənə məğlub olduğunun səbəbini deyim? Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Dünyadakı bütün şeytanlar yığışsaydı, yenə də səni məğlub edə bilməzdik. Lakin indi ağacı Allah rizası üçün deyil, sənə qızılı vermədiyim üçün hirslənib kəsməyə gedirsən. Buna görə mənə məğlub oldun. Bu dəfə sənə ağacı kəsməyinə imkan vermərəm.
Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK