Qadin.NET / Buz kəsən şaxtada "yaşıl" mübarizə

Buz kəsən şaxtada "yaşıl" mübarizə

 

Sentyabrın sonlarında "Greenpeace" ekologiya təşkilatı ilə Rusiya hökuməti arasındakı qalmaqal daha da qızışıb. Bəs, görəsən, yalnız "müharibənin və zorakılığın olmadığı təmiz dünya" arzusu ilə çalışdıqlarını bildirən təşkilat fəalları Rusiya neftçiləri və hüquq mühafizə orqanlarını nədən narazı salıblar?Bu, "yaşıllar"ın oxşar münaqişəyə cəlb olunduqları ilk hal deyil. Bu sahədə onların böyük təcrübəsi var. Son hadisədə isə daha maraqlı olanı Rusiya tərəfinin cavab addımlarının sərtliyidir. Bundan başqa, döyüş meydanının özü də kifayət qədər ekzotikdir - Arktika. "Greenpeace" Yer kürəsinin bu hissəsində neft çıxarılmasına qarşıdır. Təşkilatda hesab edirlər ki, bu, regionun nadir ekologiyasına sonradan aradan qaldırılması mümkün olmayacaq ziyan vurur. Alimlərin hesablamalarına görə, Arktikada inanılmaz həcmdə karbohidrogen ehtiyatları var. Bu ehtiyatlara Danimarka, Kanada, Norveç, Rusiya və ABŞ iddia edir. Ola bilsin ki, buzlaqlar arasında neft çıxarılması haqda danışmaq hələ tez və perspektivsizdir.Çünki buradan əldə olunacaq məhsulun maya dəyəri onun bazar qiymətindən qat-qat üstün ola bilər. Amma bunun gələcəyin işi olduğu aydındır və artıq indi maraqlı ölkələrin hər biri ilk addımlarını atmalıdır.Alimlər və neftçilərlə yanaşı, ekoloqlar da yatmayıblar - onlar hələ ötən yay "Arktikanı qoruyaq" aksiyası təşəbbüsü ilə çıxış ediblər. Məqsəd Şimal qütbündə qoruğun yaradılması, orada neft hasilatının, balıqçılığın və müharibənin birmənalı şəkildə qadağan edilməsinə nail olmaqdır. Artıq layihəyə dəstək olaraq, təxminən, 4 milyon imza toplanılıb."Sənayenin Arktikada həyatı necə məhv etdiyinin ən parlaq nümunəsi Rusiyadır. Əsrlər boyunca burada vərdiş etdikləri həyat tərzi keçirən insanları neft şirkətləri oradan sıxışdırıb çıxarır. Bu, Arktikanın digər hissələrində də təkrarlanmamalıdır", - deyə "Greenpeace" təşkilatının bəyanatında bildirilir.
Amma ekoloji təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, təbii resurslardan istifadə məsələsi Arktika Şurasının bu ayın əvvəlində Rusiya prezidenti Vladimir Putinin sədrliyilə keçirilən toplantısında da vurğulanmışdı. Belə olan təqdirdə, tərəflər arasında ziddiyyət nə ilə bağlıdır?Qalmaqala səbəb olan insident sentyabrın 18-də Barens dənizinin (bu regionda onu Peçor dənizi də adlandırırlar) cənub-şərqində baş verib. "Greenpeace" fəalları müvafiq alpinist qurğularından istifadə edərək "Qazprom neft şelf" şirkətinə məxsus "Prirazlomnaya" neft platformasına çıxmağa çalışıblar. Bu zaman platformanın işçiləri Rusiya Sərhəd Xidmətinin xüsusi təyinatlılarını köməyə çağırıblar. Xüsusi təyinatlılar hadisə yerinə çatan kimi, artıq platformaya çıxmağa müvəffəq olmuş iki nəfəri həbs ediblər. Bunlar Finlandiya vətəndaşı Sini Saarel və İsveçrə vətəndaşı Marko Polodur. Qalan ekoloqlar Hollandiya bayrağı altında üzən Arctic Sunrise gəmisinin göyərtəsində gizlənə biliblər. Amma sərhədçilər növbəti gün həmin gəmiyə də üz tutublar. Xəbərdarlıq atəşindən sonra gəmi saxlanılıb və Murmanska aparılıb. Gəmidəki 19 ölkədən olan 28 vətəndaş isə müvəqqəti saxlama təcridxanasına salınıb.Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin artıq baş verənlərlə bağlı cinayət işinin açıldığını bildirib. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 227-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq (mütəşəkkil qrup halında həyata keçirilmiş piratlıq) açılıb. Bu, 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Rusiya tərəfi vətəndaşlığından asılı olmayaraq, saxlanılmış şəxslərin hər birinin məsuliyyətə cəlb ediləcəyini bildirir.Rusiya tərəfi ekoloqların əməlini təxribat kimi qiymətləndirir. Ruslar hesab edirlər ki, "Greenpeace" fəalları aksiyaları ilə insanların həyatına təhlükə yaradıblar və onların əməlləri, hətta ekoloji fəlakətə, inanılmaz fəsadlara yol aça bilərdi. "Qazprom" rəsmisi Sergey Kupriyanov deyib: "Ekologiyanın qorunması ilə bağlı başadüşülən tələblər tamamilə qanunsuz üsulla irəli sürülüb".Rusiyanın təbii resurslar naziri Sergey Donskoy isə "Greenpeace" təşkilatının öz mövqeyini aqressiv vasitələrlə ortaya qoyduğunu deyib:" Bunun nələrə aparıb çıxara biləcəyini hər kəs gördü"."Greenpeace" isə Rusiyanın 3 mil radiusunu özbaşına qurduğunu və qaydaları özünün pozduğunu bildirir. Təşkilatdan onu da bildirirlər ki, ekoloqların olduğu Arctic Sunrise gəmisi saxlanılan zaman Rusiyanın ərazi sularından kənarda, iqtisadi zonada olub, orada isə dünya gəmilərinin sərbəst üzməsinə icazə var. Bundan başqa, "Greenpeace" "aksiyanın dinc xarakter daşıdığını, başqasının mülkiyyətinin ələ keçirilmədiyini, hansısa gəminin zəbtinə cəhd olmadığını xatırladır. "Dünyada "Greenpeace" təşkilatının fəaliyyəti nəticəsində bir nəfər də olsun, zərərçəkən yoxdur", - deyə "Greenpeace" - Rusiya təşkilatının Arktika proqramının rəhbəri Vladimir Çuprov bildirir. Bundan başqa, platformaya Rusiya ərazisinin bir hissəsi kimi baxılarsa, Saarela və Polo saxlanılan zaman platformanın bayır hissəsində olublar. Demək, onların dövlət sərhədinin pozulmasında ittiham olunmaları da əsassızdır.Beləliklə, "Greenpeace" təşkilatının güclü kartı sülh niyyəti, zərərçəkənlərin və maddi zərərin olmaması, Rusiyanın güclü kartı isə hər bir suveren dövlətin öz maraqlarını, vətəndaşlarını, mülkiyyətini qorumaq hüququ və müvafiq olaraq, xəbərdarlıq məqsədilə addımlar atmaq haqqının olmasıdır. Bu, ilk belə hal deyil. Hələ 1985-ci ildə sözügedən təşkilatın nümayəndələri "Rainbow Warrior" gəmisi ilə Fransanın Polineziya adalar qrupuna daxil olan Mururoa mərcan adasındakı atom silahının sınağı poliqonuna yollanmışdılar. Onların adaya daxil olmaq cəhdləri gəminin partladılması və bir nəfərin ölümü ilə nəticələndi.2010-cu il mayın 31-də Qəzza zolağına tərəf hərəkətdə olan, oraya ərzaq, dərman və inşaat materialları aparan "Mavi Mərmərə" humanitar gəmisinə (9 gəmidən ibarət "azadlıq flotiliyası"nın flaqmanı) hücum olundu. İsrail xüsusi təyinatlıları gəmiyə neytral sularda hücum etdilər və insident zamanı 9 nəfər həlak oldu.Yeri gəlmişkən, 2012-ci ilin avqustunda "Greenpeace" fəalları artıq bir dəfə "Prirazlomnaya"ya qalxmağa cəhd göstərmişdilər, lakin o zaman onları həbs edən olmadı.Rusiyanın bəzi şərhçiləri isə ekoloqların əməlini siyasi təxribat kimi qiymətləndirir. Xüsusilə NTV telekanalında yayımlanan "FV. Araşdırma - Yaşıl damın altında" verilişində ekoloqlar sərt tənqid atəşinə tutulublar. Verilişdə açıq şəkildə bəyan olunub ki, "Greenpeace" təbiətin müdafiəsilə məşğul olmur, siyasi təzyiq və iqtisadi şantaj vasitəsi kimi istifadə edilir. Veriliş müəllifinin fikrincə, təşkilat ikili standartlardan çıxış edir və əvvəlcədən hazırlanmış "yaxşılar"-"pislər" siyahısına uyğun hərəkət edir.Bu yerdə ortaya məntiqi nəticə çıxır: "yaşıllar" təbiəti qorumur. O, korporativ müharibələrin aparılması, rəqiblərin yox edilməsi üçün vasitədir. Buna sübut kimi "Greenpeace" təşkilatının yaradıcılarından biri, qurumun direktorlar şurasına 1971-1986-cı illərdə rəhbərlik etmiş Patrik Murun eksklüziv müsahibəsi göstərilir. Mur hələ əvvəllər Rusiya televiziyalarında çıxış edərək "Greenpeace" təşkilatının "mövqeyini müəyyənləşdirmək işində nə elmi məlumatlardan, nə də məntiqdən istifadə etməyən siyasi qrup" adlandırmışdı.Bundan başqa, ekoloqlar güclərini lazım olan yerlərdə işlətməməkdə də ittiham olunurlar. Məsələn, hələlik Arktikada ekologiyaya açıq təhlükənin olduğu haqda danışmaq tezdir və orada əhali də yoxdur. Yaponiyada isə 2011-ci ilin martında baş vermiş sunamidən ziyan görmüş "Fukusima-1" AES-də vəziyyət kritik olaraq qalır. Orada reaktorların soyudulması üçün istifadə olunan radioaktiv suyun saxlanıldığı çənini zədələnməsi sızmaya səbəb olub və əsas təhlükə məhz budur. Xatırladaq ki, "Fukusima-1"in operatoru olan TERSO şirkəti stansiyanın ikinci blokunun yanındakı qrunt suyunda, həmçinin stansiyanın ətrafındakı dəniz suyunda radioaktiv stronsium və tritiumun normadan artıq saxlanıldığını etiraf etmişdi. KİV isə, demək olar ki, hər həftə AES-dəki çəndən radioaktiv su sızmasının müşahidə olunduğunu yazır.
"Greenpeace" təşkilatının atom texnologiyasından təhlükəsiz istifadə sahəsində apardığı mübarizəni etiraf etməmək olmaz. Qurumun saytında tamamilə ədalətli olaraq bildirilir ki, "heç bir nüvə obyekti böyük qəzadan sığortalanmayıb". Belə olan təqdirdə, ekoloqlar, məsələn, Ermənistandakı Metsamor AES ilə nədən heç maraqlanmırlar? Axı, seysmik aktiv zonada yerləşən həmin stansiyada köhnə texnologiyalardan istifadə olunur və bu, böyük, çoxsaylı əhalinin yaşadığı bir region üçün mümkün faciə mənbəyidir.
"R+" jurnalı "Greenpeace Russia" şirkətinin "Twitter" səhifəsində "Fukusima" ilə bağlı suala cavab ala bilib: "Fukusimada missiyamız elə bu anlarda da davam edir. Yaponiya ofisimiz üçün bu, gündəlik işdir. Onlara yazmaq olar. Onlar tez bir vaxtda cavab verərlər".
Metsamor AES-lə bağlı isə "Greenpeace" nümayəndələri susmağa üstünlük verdilər...Rusiya televiziyasının ittihamlarına gəlincə, qurumdan bildiriblər ki, orada "şirkətlə bağlı yalan informasiyalar səsləndirilib. İndiyədək bu informasiyalar dəfələrlə, hətta məhkəmələrdə belə təkzib olunub". Ekoloqların saytında NTV-nin efirindən səsləndirilmiş bütün ittihamlara maddə-maddə cavab tapmaq mümkündür. Orada təşkilatın maliyyələşdirilməsi məsələsinə xüsusi diqqət ayrılıb. Məsələn, NTV bildirir ki, "Greenpeace" vəsait çatışmazlığı hiss etmir - bahalı qurğulardan istifadə edir, əsl mütəxəssisləri işə cəlb edir. Telekanalda təşkilatın mümkün sponsorlarının adları da çəkilib, məsələn, Rokfeller Fondu. "Greenpeace" isə "indiyədək nə hökumətdən, nə biznes sahəsindən, nə də siyasi partiyalardan maliyyə dəstəyi almadığını, bundan sonra da almayacağını" bildirir. Qurumun iddiasına görə, orada hər il xarici audit keçirilir və "Greenpeace" maliyyə hesabatlarını ortaya qoymağa hazırdır. Bu hesabatlarla elə təşkilatın saytındaca tanış olmaq mümkündür.Belə olan halda, əlbəttə ki, müxtəlif versiyalar da yayılıb. Onların arasında "əlbirlik nəzəriyyəsi" də var. Guya, sözügedən rayonda Rotşildlərlə Rokfellerlərin maraqları üst-üstə düşür. Keçən ilin sentyabrında (təsadüfi uyğunluqdur, yoxsa?) Rusiya Şimal Donanması gəmilərinin "Böyük Pyotr" atom raketi kreyserinin başçılığı ilə Arktikaya səfər etdiyi də xatırladılır. Kotelnıy adasına şəxsi heyət, texnika və silah-sursat, "Temp" aerodromunun bərpası və aviasiya komendaturasının yaradılması üçün lazım olan maddi vəsait də aparılıb. Rusiya tarixində ilk dəfə olaraq Arktikada nadir əməliyyat keçirib. Əməliyyatda Rusiyanın sualtı atom donanması tam şəkildə iştirak edib. Prezident Vladimir Putinin sözlərinə görə, görülən tədbirlər Rusiya Arktikasının bu hissəsinə effektiv nəzarət olunmasına imkan verəcək...Beləliklə, "Greenpeace" ilə Rusiya hökuməti arasında yaşanan münaqişənin ekologiya ilə məhdudlaşmadığı aydındır. Murmanskda keçirilən məhkəmənin nəhəng geosiyasi qarşıdurmanın yalnız kiçik bir fəsli olduğu bəllidir. Beynəlxalq hüququn ən "ağrılı" yerlərinə toxunan bu qarşıdurma indiyədək baş vermiş analoji beynəlxalq insidentləri xatırladır və istər-istəməz sual yaradır ki, çoxsaylı hüquq müdafiə və ekoloji qeyri-hökumət təşkilatlarının qərəzsiz və şəffaf fəaliyyətinə necə zəmanət almaq olar?
Və nəhayət, ətraf mühitin özü. Axı, təbiət insan həyatının elə bir sahəsidir ki, ən kritik məqamlarda ona nə qanun, nə pul, nə ordu, nə də razılaşmalarla nəzarət etmək mümkündür...

 

Mənbə: Milli.Az 

12 oktyabr 2013
GO BACK