Qadin.NET / Bəs bizim "Pepe" bizə nə öyrədir?

Bəs bizim "Pepe" bizə nə öyrədir?

 

- “Əlini mənə bəsdərəcik” - “Yox, yox, mən səndən küsdərəcik”

 

- “Küsdərəcik, küsdərəcik, mən də sənə quyruq göstərəcik”.
Bəli, bu kiçik dialoqu çoxlarımız təbəssümlə xatırladıq. Vaxtilə, uşaqdan böyüyə qədər bir çox ailələrdə əzbər olan bu ifadələr, “Tıq-tıq xanım” cizgi filmindəndir. Ancaq bu ifadələrin, harada, niyə və kimin dilindən deyildiyini bilən cizgi filmi həvəskarlarının sayı, bəlkə də, barmaqla sayılacaq qədərdir. Ona görə ki, vaxtilə balacaların səbirsizliklə gözlədiyi cizgi filmləri, rəngsiz ekranla birlikdə öz dövrünü başa vurdu. Ya da müasirləşmək, yeniliklərə can atmaq düşüncəsi televiziya proqramlarına yönələn meyllərə də təsirsiz qalmadı.
Azərbaycanda cizgi filmləri hələ XX əsrin 30-cu illərindən çəkilməyə başlayıb. Elə ilk cizgi filmləri də - “Tıq-tıq xanım”, “Cırtdan və Təpəgöz”, “Cücələrim”, “Tülkü həccə gedir” və s. eyniadlı nağıllar əsasında çəkilmiş filmlərdir. Hansı ki, indi istənilən bir uşaqdan bu filmlərin adlarını soruşsaq, nəinki onların adını bilər, hətta gülüb keçər desək, bəlkə də, yanılmarıq. Bu nöqtədə kimi qınamalı? Müxtəlif kanallarda yayımlanan, başdan-ayağa döyüş səhnələri və qeyri-etik epizodlarla zəngin olan cizgi filmlərinin rejissorlarınımı, belə filmləri efirə verən televiziya kanallarınımı? Yoxsa bu haqda uşaqların maariflənməsində əsas rol oynayan müəllimlərimi?
Hər bir uşağın ayrıca maraq dünyası, bənzəmək istədiyi film qəhrəmanı var. Ancaq onların öz qəhrəmanını seçməsi də, bəlkə də, həyat prototiplərini seçməsi deməkdir. Elə sınamaq üçün, bir neçə uşağa, “Hansı film qəhrəmanını daha çox sevirsən?” sualını versək, adını çəkəcəyi qəhrəman, əcnəbi multfilm personajlarından biri olacağından əmin ola bilərsiz. Hətta mən sınadım və yanılmadım. Balaca müsahibimin qəhrəmanı “Spiderman” idi... Balacaların, “Böyüyəndə mən də belə olacağam” dediyi və düşüncəsindəki heyrətamiz qəhrəmanın filmdəki mövqeyi necədir? Məsələn, ən gözəl nümunə olaraq, Türkiyə kanallarında yayımlanan “Pepe”, eyni zamanda Kanada istehsalı olan “Kayu” cizgi filmini qeyd etmək olar. Hər ikisi uşaqların sevə-sevə izlədiyi və balaca yaşlarından müxtəlif vərdişlərə yiyələnmələrində böyük rolu olan cizgi filmləri sırasındadır. Bu filmlərdə balacalara paylaşmağı, fədakarlığı və onların bir- birinə qarşı münasibətlərini öyrədən səhnələr yer alır. Bəs bizdə necə? Uşaqların maariflənməsi, onların gələcək fikirlərinin müsbət yöndə formalaşması üçün bu tipli filmlər çəkilirmi? Yoxsa elə xaricdən alınmış “Pepe”, “Kayu” və s. filmləri izləmək bizim balacalar üçün kifayətdir? "Azanfilm" studiyasının rejissoru və quruluşçu rəssamı, əməkdar incəsənət xadimi Elçin Hami Axundov Azərbaycanda bu tipli cizgi filmlərinin çəkilməməsi ilə bağlı öz fikirlərini bölüşdü.
“Film çəkərkən rejissorlar uşaqları yaddan çıxarırlar”
Cizgi filmləri dedikdə ilk ağla gələn uşaqlar olur. Çünki balacaları sakit bir şəkildə televiziya qarşısında əyləşdirən, bəzən yemək yeməsi üçün yola gətirən də cizgi filmləridir. Buna görə də bu filmlər çəkiləndə ilk nəzərə alınacaq hədəf də balacalar olmalıdırlar. Nə etmək lazımdır ki, uşaq həm əylənsin, həm öyrənsin, həm də yeri gələndə yaşıdlarına öyrətsin?
Bütün bunlarda da rejissor əməyinin əsas rol oynadığını dilə gətirən əməkdar incəsənət xadimi, Elçin Hami Axundov bu sahə ilə bağlı, demək olar ki, televiziyamızın qıtlıq çəkdiyini bildirdi: “Başqa ölkələrin televiziya kanallarını açırsan, uşaqlar üçün kifayət qədər maarifləndirici cizgi filmləri nümayiş etdirilir. Ancaq bizdə belə mövzulara həssas yanaşılmır. Niyə? Ona görə ki, artıq rejissorlarımız film çəkərkən uşaqları yaddan çıxarırlar. Halbuki, bizim övladlarımızı gələcək həyata sağlam düşüncəli insan kimi yetişdirmək üçün kifayət qədər mövzularımız və istedadlı insanlarımız var. Sadəcə, bütün bunlardan istifadə edib, uşaqların sabahının işıqlanmasında böyük rol oynaya biləcək bir pəncərə açılmır”. Bu məsələ ilə bağlı həssas olduğunu və balacaların gələcəyində cizgi filmlərinin az rol oynamadığını bildirən rejissor, multiplikasiya şirkətlərinə, film studiyalarına və rejissorlara, film çəkərkən uşaqları da nəzərə almalarını təkrar- təkrar vurğuladı.
“Xarici cizgi filmlərinin kasetləri ilə efir vaxtı doldurulur, ancaq öz istehsalımız olan filmlər yayımlanmır”
Bu gün hansı xarici televiziya kanalını açsaq, açığını desək, qısqanclığımızın olmaması imkansızdır. Çünki böyüklər bir yana dursun, uşaqlar da xarici kanalların qarşısında əyləşib, müxtəlif animasiya və digər filmlərlə beyinlərini məşğul edirlər. Yaşlarının tələblərinə uyğun olaraq da, müəyyən müddət sonra baxdıqları film qəhrəmanının təqlidçisinə çevrilirlər və onlar kimi danışmağa meyil göstərirlər. Animasiya filmləri üzrə mütəxəssis, E.H. Axundov, ölkə telekanallarında yerli seriallar çoxalsa da, uşaqlar üçün bədii animasiya filmlərinin yetərincə çəkilmədiyini, onun üçün də uşaqların xarici istehsal olan animasiya filmlərinə maraq göstərdiklərini bildirdi: “Azərbaycanda film bazarı, demək olar ki, yoxdur. Animasiya filmlərini maliyyələşdirən isə yalnız Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlik də yalnız iki, yaxud üç filmin çəkilməsini himayə edir. Buna görə də, balaca tamaşaçıların ixtiyarına film verməkdə problemlər olur. Çəkdiyimiz filmlər də efirdə, demək olar ki, yayımlanmır. Ucuz başa gəlsin deyə, xarici filmlərin yer aldığı kasetlərlə efir vaxtı doldurulur”.
“Sovet dövründə çəkilən filmlər, uşaqları maarifləndirmə baxımından daha gözəl idi”
Ən yeni texnologiyalar və yetəri qədər ixtisaslaşmış kadrlarla zəngin olduğumuz bir dövrdə, niyə də hələ sovet dövründə çəkilən filmlərdən aldığımız zövqü, bugünkü filmlərdə tapa bilmirik sualına rejissor E.H.Axundov belə münasibət bildirdi: “Sovet dövründə bütün film studiyaları kurs açırdı. O studiyalara gənc rəssamlar qəbul edilirdi. Bu kurslarda təhsil alıb, yetərincə sahəni öyrəndikdən sonra peşəkar fəaliyyət göstərə bilirdilər. O kurslardan yaxşı animatorlar, peşəkar cizgi film rejissorları çıxırdı. Lakin, 90-cı illərdə maliyyə çatışmazlığı səbəbindən filmlər çəkilmədi və o kadrları işlə təmin edə bilmədiyimizdən Avropa və dünyanın müxtəlif yerlərinə səpələndilər. Hətta sovet dövründə ölkəmizdə 15 animator var idisə, indi cəmi iki animator qalıb”.
“Az da olsa, milli ruhda cizgi filmləri çəkilir”
Azərbaycanda milli ruhda az da olsa, cizgi filmlərinin çəkildiyini deyən E. H. Axundov, həmin filmlərin efirdə yayımlanmaması ilə bağlı narazılığını bildirdi: “Nə olsun ki, milli ruhda filmlər çəkirik. Çəkilən cizgi filmləri efirə verilmir. Balacaların bu filmlərdən xəbərləri yoxdur. Çəkilişlər getdiyi müddətdə müxbirlər gəlib maraqlanırlar. Ancaq bu filmlər hazır olduqdan sonra onların efirə verilməsi haqqında heç bir məlumat verilmir”. Eyni zamanda rejissor qeyd etdi ki, çəkilən filmlərə yetəri qədər vəsait ayırılmadığı üçün, bu sahədə yetişən gənc kadrlar da başqa şirkətlərdə, başqa sahələrdə fəaliyyət göstərməyə gedirlər. Bu da ixtisaslı kadr itkisi deməkdir. 
Milli ruhda çəkilmiş cizgi filmlərimizin efirdə yayımlanmaması və rejissorların çəkdiyi filmləri öz tamaşaçılarına təhvil verilməməsi ilə bağlı İctimai Televiziyanın proqramlar departamentinin əməkdaşı Əziz Əliyevdən bu barədə fikir aldıq. Onun sözlərinə görə, bu tipli cizgi filmləri xarici kanallarda yayımlandığı qədər olmasa da, İctimai Televiziyada kifayət qədər yayımlanır: 
“Televiziyamızda hər səhər və axşam saatlarında uşaqlar üçün 20-30 dəqiqəlik cizgi filmləri yayımlanır ki, burada da, mənim fikrimcə, yetərincə maarifləndirici səhnələr yer alır”. Ə.Əliyev onu da qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə efirə verilən cizgi filmlərinin hamısı, demək olar ki, yeni animasiya filmlərindən ibarətdir. Eyni zamanda müsahibim bildirdi ki, hər həftənin cümə günləri saat 19:00-da yayımlanan “Addım-addım” proqramı, Azərbaycanda çəkilən cizgi filmləri və onların balaca izləyicilərə təsirindən bəhs edir. Məlumat üçün onu da qeyd edək ki, müraciət etdiyimiz bəzi orta məktəb müəllimləri də uşaqların Türkiyə kanallarında yayımlanan cizgi filmlərinə daha çox maraq göstərdiklərini, onların film personajlarını özlərinə ideal olaraq götürdüklərini bildirdilər. Bunun mənfi tərəfi olduğunu düşünməsək də, balacaların dilindən öz nağıl qəhrəmanlarımızın ifadələrini eşitmək, onların ibrətamiz davranışlarını təqlid etmək, personajların cinayət səhnələrini deyil, uşaqların fədakarlıq, paylaşma, dostluq kimi davranışlarını öz xarakterlərinə yansıtdıqlarını görmək, milli mədəniyyətimiz və uşaqların gələcəyi adına daha ürəkaçan olardı.

"Zaman Azərbaycan" 

Mənbə: Milli.Az 

 
12 oktyabr 2013
GO BACK