Qurban bayramına sayılı günlər qalır. Artıq ailələrdə insanlığı dostluğa, yardımlaşmaya, paylaşmaya səsləyən bu müqəddəs bayrama hazırlıq başlayıb. Elə dövlət səviyyəsində də bayramla əlaqədar hazırlıq işləri görülür. Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev “Zaman-Azərbaycan”a açıqlamasında dedi ki, qurbanlıq heyvanların satışı yarmarkalarına satış üçün təxminən 55 min xırda, 9 min 200 iribuynuzlu heyvan gətiriləcək. Onun sözlərinə görə, həmin heyvanların satışı və kəsilməsi üçün dövlət tərəfindən 27 ünvan müəyyən edilib. Şahmar Abdullayev dedi ki, əgər xəstə heyvan aşkarlanarsa, onlar satışdan kənarlaşdırılacaq. İlahiyyatçı alim Rövşən Məmmədov isə qəzetimizə müsahibəsində qurbanlıq heyvan alarkən, qurban kəsərkən nələrə diqqət etməli olduğumuza diqqət çəkdi. Bəzi yerlərdə qurban ətinin satılmasına münasibət bildirən Rövşən Məmmədov qəssabdan kilo ilə alınan ətin qurban əti sayılmadığını dedi: “Qurban kəsilən heyvanın qurban ola bilməsi üçün dəyəri kəsilmədən öncə verilməlidir. Heyvan qurban niyyəti ilə kəsilməlidir. Qurban kəsərkən məqsəd ət sahibi olmaq deyil. Əsas məqsəd Allah-Təalanın rizasını qazanmaqdır”.