Bulimiya çox yeməklə əlaqəli xəstəlik olsa da, müsahibimizin sözlərinə görə, müxtəlif pəhrizlər tutmağa meyllilik bulimiyaya gətirib çıxarır. Uzun sürən aclıq və pəhrizlər metabolizmi azaldır. Nəticədə insan kökəlməyə başlayır və doyma hissini itirir: "Beyində doyma hissinə cavab, qida qəbulunun miqdarını tənzimləyən serotonindir. İnsan nə qədər çox ac qalır və pəhriz saxlayırsa, onda doyma hissinin tənzimlənməsi pozulur. İnsanın az yemək istəyi əksinə nəticələnir və o, ifrat dərəcədə çox yeməyə başlayır. Hədsiz çox yeyən adam özünü əzgin və yorğun hiss edir. Belə adamlar çox enerjisiz olur və passiv həyat tərzi sürürlər. Onlar apatiya və depressiyadan da əziyyət çəkirlər".Bulumiya qurbanları diqqətini cəlb edə bilmir, əhvalları tez-tez və səbəbsiz yerə dəyişir. Onlarda yaddaş pozuntusu da müşahidə olunduğu üçün diqqət tələb olunan işlərdə işləyə bilmirlər. Bulimiya xəstəliyinə tutulanların bir qismi bu xəstəliyin gətirə biləcəyi fəsadlardan qorxuya düşür və bunun qarşısını almaq istəyirlər. Onlar az yeməyi qərara alsalar da, daim yemək haqqında düşünürlər. Və həyatda tədricən ancaq yeməkdən zövq almağa başlayırlar. Bu istəklərini başqalarından gizlətməyə çalışır və bulimiyadan əziyyət çəkdiklərinə görə utanırlar. Daim stress keçirir, yedikləri üçün özlərini günahlandırırlar.N.Bağırova deyir ki, bulimiya xəstəliyi insanın yalnız fiziki sağlamlığına deyil, ruhi sağlamlığına da zərbə vurur. Belə ki, psixoloji sıxıntılardan əziyyət çəkən xəstələr özlərinə xəsarət də yetirə bilərlər. Həmsöhbətimizin bildirdiyinə görə, bulimiya qurbanları şəxsi həyatda və karyerada da problemlərlə üzləşirlər. Ona görə ki, hətta əhəmiyyətsiz qərarlar verməkdə belə çətinlik çəkirlər. Məsələn, kafeyə gedəndə harada əyləşmək, nə sifariş vermək, nə demək, hansı geyimi almaq, hansı saç düzümünü etmək və s. Bu səbəbdən də bulimiya xəstəliyinə düçar olanlar asanlıqla idarə olunurlar. Onlar tez-tez tərəddüd edir və qətiyyətli ola bilmirlər. "Onlar çox kövrək olur, stressə tab gətirə bilmirlər. Stress vəziyyətinə dərhal reaksiya verir, əsəbləşdikcə daha çox yeyirlər. Onlar həyatlarında nəsə uğursuzluq baş verəndə, zəifliklə üzləşən kimi yemək yeməyə başlayırlar. Çox vaxt bulimiya qurbanları iradəsiz insanlar olurlar. Onlar stressi azaltmaq, neqativ fikirlərdən qurtulmaq üçün çox yeyirlər. Bu cür adamlar yeməyi çox sürətlə yeyir və yaxşı çeynəmirlər".Psixoloq əlavə edib ki, bulimiyanın səbəbləri müxtəlif olur. "Bulimiyaya stress, özünə güvən hissinin aşağı olması, beyində kimyəvi maddələrin və hormonların balansının pozulması səbəb olur. Lakin bulimiyada genetik faktorlar da müəyyən dərəcədə rol oynayır", - deyən mütəxəssis bildirib ki, nə qədər acınacaqlı olsa da, bulumiya uşaqlarda da müşahidə olunur: "Valideynlər uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Uşaqlarda piylənmə və ya bulimiya tutmaları müşahidə etdikdə isə ehtiyatlı olmalıdırlar. Valideynlər uşağı rejimlə yedizdirməyə çalışmalıdırlar. Bundan başqa, yeməkdən uşaq üçün mükafat və ya cəza kimi də istifadə etmək olmaz. Məsələn, bəzi valideynlər yanlış olaraq uşağa deyir ki, "dərslərini yaxşı eləmisən deyə sənə tort düşür" və ya əksinə".Psixoloq məsləhət görür ki, insan özündə bulimiyanın əlamətlərini hiss edirsə, mütləq mütəxəssisə müraciət etməlidir: "Xəstə bulimiya zamanı elə psixoloji durumda olur ki, özü-özünə kömək edə bimir. O, vəziyyəti daha da ağırlaşdırır. Bulimiyaya laqeyd yanaşmaq və buna qarşı heç bir tədbir görməmək isə xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Xəstə müalicə olmaq üçün ilk növbədə anlamalıdır ki, onda bulimiya xəstəliyidir və o, müalicə olunacaq. Hər şey yaxşı nəticələnəcək və bunun çıxış yolu var. Eləcə də, bulimiya xəstəliyinin qurbanına çevrilməmək üçün profilaktik tətbirlər görmək lazımdır. Bunun üçün harmoniyada yaşamaq, heç kimlə konfliktə girməmək, özünə güvən hissini artırmaq lazımdır".
Mənbə: Milli.Az