Oktyabrın 11-də futbol üzrə 2014-cü il dünya çempionatının növbəti seçmə oyunları keçiriləcək. Lent.az-ın məlumatına görə, Avropa zonasında 9 qrup üzrə üst-üstə 24 görüş baş tutacaq.F qrupunda yer alan Azərbaycan milli komandası Şimali İrlandiya yığmasını qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. İtaliyalı referi Andrea De Markonun idarə edəcəyi qarşılaşma AzTV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayımlanacaq.Bu görüş qrupda 4-cü yer uğrunda mübarizə baxımından böyük əhəmiyyətə malikdir. Əvvəlki 8 oyundan 5 heç-heçə ilə ayrılan millimiz ilk qələbəsini qazansa, 2 pillə irəliləyərək, 8 xalla 4-cü mövqeyə yüksələ bilər. Hazırda Şimali İrlandiya ilə eyni sayda - 6 xala malik Lüksemburqun evdə qrup lideri Rusiyaya qalib gələcəyi inandırıcı görünmür.Yığmamız ötən il noyabrın 14-də Şimali İrlandiya ilə səfər matçında qələbəni uzatma dəqiqələrində əldən verib – 1:1. Lakin bu dəfə baş məşqçi Berti Foqts britaniyalılar üzərində qələbəyə kökləndiklərini bildirib. O, hazırlıq prosesindən razı qalsa da, heyətdəki problemlərə də diqqət çəkib. Foqtsun sözlərinə görə, Ruslan Abışov cəzalı olduğu üçün oyunu buraxacaq. Vaqif Cavadov isə məşq zamanı çiynindən xəsarət alıb. Cavadovun ən azı start heyətində yer almayacağı gözlənilir.
Mənbə: Lent.Az