Qadin.NET / "Afrikada biznes imkanları" mövzusunda təqdimat keçirilib

"Afrikada biznes imkanları" mövzusunda təqdimat keçirilib

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) Bakıda "Afrikada biznes imkanları" mövzusunda təqdimat təşkil edib.Akademiyanın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, təqdimatın açılışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, AzPROMO-nun prezidenti Rüfət Məmmədov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış ediblər. Təqdimat Afrika qitəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli dörd ölkəyə - Anqola, Namibiya, Botsvana və Cənubi Afrikaya həsr olunub. 2013-cü ilin may ayında ADA-nın Beynəlxalq münasibətlər fakültəsində təhsil alan bir qrup tələbə adıçəkilən ölkələrə səfər etmiş və toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirmişdi. Bunlar, əsasən, kənd təsərrüfatı, enerji, telekommunikasiya, inşaat, turizm və s. kimi sahələrdir.
Layihənin əhəmiyyətindən danışan ADA-nın rektoru H.Paşayev bu təşəbbüslə ADA tələbələrinin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri real biznes mühitində istifadə etmək imkanı qazandıqlarını vurğulayıb: "Layihə eyni zamanda Afrika qitəsində biznes və yatırım imkanları ilə maraqlanan azərbaycanlı biznesmenlər üçün mühüm əhəmiyyət kəsb edir. Bununla da biz Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədinə də öz töhfəmizi vermiş oluruq".
AzPROMO-nun prezidenti R.Məmmədov öz çıxışında Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsinin və bu baxımdan yeni ticarət tərəfdaşlarının və ixrac bazarlarının tapılmasının önəmini vurğulayıb. Yerli şirkətlərə yeni xarici bazarlara, o cümlədən, Afrika ölkələri bazarına çıxmaqda AzPROMO tərəfindən hər cür dəstəyin veriləcəyini bildirib.
Qeyd edək ki, bu layihə "Baghlan Group FZCO" tərəfindən maliyyələşdirilib. Tədbirin təşkilində dəstəyi AzPROMO, ASK, Amerika Ticarət Palatası (AMCHAM), Almaniya-Azərbaycan Ticarət Palatası (AHK Aserbaidschan), Azərbaycan-Britaniya Biznes Şurası (BBG) və Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyəti (TUSİAB) göstərib.
Mənbə: Milli.Az

 

11 oktyabr 2013
GO BACK