Oktyabrın 10-da Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın “British Council” təşkilatı arasında İngilis Dili Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. AzərTAc xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bu əməkdaşlığı yüksək qiymətləndirib və Mərkəzin işinə uğurlar arzulayıb.ADA-nın qısa müddətdə əldə etdiyi uğurlardan söhbət açan akademiyanın Humanitar və Dəqiq Elmlər İnstitutunun dekanı Vəfa Kazdal bu əməkdaşlığın hər iki quruma böyük fayda verəcəyini söyləyib. O deyib ki, həm ADA, həm də “British Council” yeniliklərə açıq olan, müasir təhsil metodlarından istifadə edən, təhsilə radikal islahatlar gətirən, onun inkişafına mühüm önəm verən, təhsilin qloballaşmasının fərqinə varan və bunu öndə tutan təhsil müəssisələridir: "Müasir dünyada qloballaşmadan danışanda ingilis dilinin əhəmiyyətini vurğulamamaq mümkünsüzdür. Çünki qloballaşan təhsilin ən vacib amillərindən biri də ingilis dilli təhsildir. Məhz bu səbəbdən də ADA-nın fəaliyyətə başladığı ilk gündən tədris dili ingilis dili olub. Biz buna xüsusi önəm verir və daim yeniləşməyə doğru addımlayırıq".Bildirilib ki, Mərkəzin məqsədi Azərbaycanda müasir tələblərə cavab verən ingilis dilinin keyfiyyətli tədrisini genişləndirməkdir. ADA ilə “British Council” arasında qurulan bu əməkdaşlıq nəticəsində Azərbaycanda ingilis dilini öyrənmək istəyən şəxslər beynəlxalq təkmilləşmə ilə təmin ediləcəklər. ADA-nın təhsil korpusunda fəaliyyət göstərəcək İngilis Dili Mərkəzində kurslar “British Council” tərəfindən təşkilatın keyfiyyət standartlarına uyğun şəkildə aparılacaqdır. Kurslar hər kəs üçün açıq olacaq. Əsasən, dərslər günün ikinci yarısında başlayacaq və iştirakçıların vaxt imkanları nəzərə alınacaq.“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanımElizabet Vayt təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “British Council” hazırda 6 qitədə və 100-dən artıq ölkədə fəaliyyət göstərməklə bütün dünyada insanların həyatına hər gün yeni imkanlar gətirməkdə davam edir:
"Azərbaycanda biz ingilis dilinin tədrisi, ingilis dili biliklərinin artırılması, beynəlxalq imtahanların təşkil olunması, mədəni mübadilələrin təşkili, ali təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq istiqamətində fəaliyyət göstərməkdəyik.Ölkəmizdə yenidən fəaliyyət göstərəcək İngilis Dili Mərkəzinin işinə uğurlar arzulayan E.Uayt demişdir ki, biz imkanlarımızı birləşdirməklə insanların daha keyfiyyətli dil öyrənmələrinə nail olacağıq".
Mənbə: Milli.Az