Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası artıq seçkilərdə qələbəni bayram edir. Partiyanın namizədi İlham Əliyevin seçkidə qələbə qazanması münasibətilə Gəncədə də xüsusi ab-hava hiss edilir.Bir qrup partiya tərəfdarı Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısından başlayaraq şəhərin baş meydanına qədər qələbə yürüşü təşkil ediblər. Əllərində partiyalarının və Azərbaycanın bayraqlarını dalğalandıran YAP-çılar milli musiqi sədaları altında rəqs edərək qələbəni bayram ediblər. Şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də icra hakimiyyətinin rəhbər strukturları da qələbə sevincini meydana toplaşanlarla bölüşüblər. Azərbaycan, İlhamla irəli şüarları səsləndirən iqtidar partiyasının nümayəndələri daha sonra avtomobillərlə şəhərin küçələrini gəziblər.Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, səsvermənin başa çatması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Şəki təşkilatının üzvləri öz namizədlərinə dəstək olaraq şəhər ərazisində yürüş keçiriblər. Seçkilərə son qoyulan andan etibarən Şəki Yeni Azərbaycan Partiyasının üzvləri təşkilatın qərargah binasının önünə toplaşaraq öz namizədlərinə dəstək kampaniyası keçiriblər. Əllərində bayraq tutan gənclər şənlik ediblər. Daha sonra bir qrup YAP əməkdaşı 20-ə yaxın avtomobillə şəhər ərazisində avto-yürüş keçirib. Sonda yürüş iştirakçıları təşkilat binasının qarşısında toplananlara dəstək olaraq şənliyə qatılıb və tədbir bununla da başa çatıb. Qəbələdə də şənlik keçirilib. Seçkilərin ilkin nəticələrinin bəlli olması ilə əlaqədar YAP Qəbələ rayon təşkilatının önündə partiya tərəfdaşları və fəalları bayram əhval-ruhiyyəsi ilə bu hadisəni qeyd ediblər. YAP-ın Qəbələ rayon təşkilatının sədriAbil Ağasəfov Yeni Azərbaycan Partiyasının qərargahı önünə toplaşmış fəalları və partiyadaşları ilkin hesablanmış nəticələrlə əlaqədar təbrik edib. Sonda fəalların coşqusu atəşfəşanlıqla başa çatıb.
Mənbə: Milli.Az