Qadin.NET / Oktyabr ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb

Oktyabr ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb.Fonddan Trend-ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində DSMF tərəfindən əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub. Bu ilin əvvəlindən etibarən, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı çatdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb. Protokola əsasən, xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrası həyata keçirilir.Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98,8%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,5%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir.

 

Mənbə: Milli.Az

9 oktyabr 2013
GO BACK