Qadin.NET / İlkin təəssürat: inanaq, ya yox?

İlkin təəssürat: inanaq, ya yox?

 

Əksər hallarda ilkin təəssüratdan yan keçmək olmur və ilk dəfə qarşılaşdığımız insan haqqında ilkin təəssüratımıza əsaslanaraq fikir yürüdürük. Sonradan isə bəzən yanılır, bəzənsə fikirlərimizin gerçəkliyə uyğun olduğunu görərərək ilkin təəssürat və intuisiyaya daha da etibar etməyə başlayırıq. Psixoloqlar isə bildirir ki, ilkin təəssürat həyat təcrübəsi artdıqca düzgün formalaşa bilər. Adətən isə ilkin təəssürat keçici və aldadıcı olur.Psixoloq Aygün Ağayevanın sözlərinə görə, insan haqqında ilk təəssürat bir neçə dəqiqəyə formalaşır. Bu təəssüratın təsiri qısa müddət ərzində olur. İlk təəssüratın formalaşması insanın qamətindən, yerişindən, baxış, jest və mimikalarından asılıdır. İnsanın danışarkən intonasiyası, özünə əmin və ya həyəcanla danışması da təəssüratın yaranmasında mühüm rol oynayır. Qarşıdakının danışdığı zaman çatdırdığı məna da ilkin təəssüratın formalaşmasına müəyyən qədər təsir edir.
A.Ağayeva bildirib ki, ilk təəssürat aid olduğu insanı yaxından tanıyana qədər təsirli olur. Sonradan isə insanın hərəkətləri, sözləri onun haqqında təəssüratı dəyişdirə bilər. İlkin təəssürat aldadıcı ola bilər. Ona görə ki, insanlar stereotiplərə əsaslanır: "Çoxumuz qara və tünd rənglərdə geyim geyinən, az bəzənən, aksesuarlardan istifadə etməyən insanların ciddi, əksinə əlvan rənglərdən istifadə edən, ifrat bəzənən, aksesuralardan çox istifadə edənlərin isə yüngül təbiətli olduğunu düşünürük. Və ya insan yaraşıqlıdırsa, onun haqqında daha yaxşı fikirləşirik, eybəcərdirsə o, bizdə mənfi assosiasiya yaradır. Əslində isə hər şey əksinə ola bilər. Belə ki, insan xarakteri səhifələri şifrələnmiş kitaba bənzəyir. Bəzən bir ömür belə insanın daxili aləmini tam açmağa imkan vermir".
Ağayeva qeyd edib ki, insan ilkin təəssürata əsaslanaraq tanımadığı insan haqqında düşündüyü fikirlərin 50 faizi düzgün ola bilər, 50 faizi isə yanlış: "Belə ki, ilkin təəssürat formalaşarkən əksəriyyət 3 amilə əsaslanaraq səhv edir: 1) üstünlük hissi; 2) cazibə hissi, 3) bizə qarşı olan münasibəti. Adətən biz bu üç amilə əsaslanaraq qarşımızdakı insan haqqında fikir söyləyirik. Məsələn, insanda hansısa keyfiyyəti ilə bizə üstün gəlirsə, onun haqqında yaxşı düşünməyə başlayırıq. Ola bilsin ki, o, bizdən daha cəsarətlidir və ya daha biliklidir. Onun maşını və ya evi daha bahalıdır və s. Bu səbəbdən də çox vaxt varlı, dəblə və bahalı geyinən, zinət əşyaları istifadə edən, son model mobil telefon işlədən, başqalarından daha üstün vəzifəyə sahib olan adam haqqında ilkin təəssürat yaxşı olur. Bəzən isə elə olur ki, insan əvvəllər özündən üstün bildiyi insanı ötüb keçir və daha onun haqqında əvvəlki kimi düşünmür. Onun üçün həmin adam aşağı pilləyə düşür. Bu cür düşüncənin arxasında isə komplekslərimiz gizlənir. Belə ki, uşaq yaxşı yemək yeyəndə, oyuncaqlarını yığışdıranda, dərslərini yaxşı oxuyanda, özünü yaxşı aparanda valideyn onu tərifləyir. Bu səbəbdən də insanda üstün xüsusiyyət görəndə onu bəyənirik".İnsanın zahiri görünüşünün çox böyük təsir qüvvəsi var. Həmsöhbətimizin sözlərinə görə, əgər kimsə zahirən gözəl görünüşə malikdirsə, adətən o insan haqqında fikir söyləyəndə ilk təəssürata nəzərən müsbət fikirdə oluruq. Pinti, zövqsüz geyinən, saçları yağlı və kirli insan kimdə yaxşı təəssürat oyada bilər? Bu səbəbdən də səliqəli və zövqlü geyinmək, xarici görünüşə fikir vermək lazımdır. "Nəzərə alın ki, hər bir geyim tərzinin öz yeri var. İşə ziyafət paltarında, ziyafətə isə işgüzar üslubda gəlmək olmaz. Bu tip qaydalara riayət etməyən, geyinərkən yaşını, bədən quruluşunu da nəzərə almayan adamlar adətən gülüş hədəfinə çevrilirlər" deyən psixoloq əlavə edib ki, malik olduğunuz sosial statusa uyğun deyil, arzuladığınız sosial stausa uyğun geyinməyə çalışın.
Təəssüratın formalaşmasında qarşıdaki insanın bizə qarşı olan münasibəti də önəmlidir. Bizə qarşı yaxşı münasibətdə olan insana biz daha artıq müsbət keyfiyyətlər şamil edirik. Halbuki reallıqda tərsinə də ola bilər.İnsanın başqalarında formalaşdırdığı ilk təəssürat ünsiyyət zamanı çox vacibdir. Bizim başqalarında hansı təəssüratı oyatmağımız həyatımızda mühüm rol oynayır. Bu səbəbdən də hər bir insan başqalarında hansı təəssüratı formalaşdırdığını bilməlidir. Müsahibimiz məsləhət görür ki, qarşı tərəfdə yaxşı təəssürat oyatmaq üçün ünsiyyət zamanı insana onun vacib olduğunu his etdirmək lazımdır: "Ona özünüzün ikinci dərəcəli olduğunu çatdırmağa çalışın. Fikir vermisinizsə, yalnız özü haqqında danışan, başqalarına söz belə deməyə imkan verməyən adamlarla ünsiyyətdən qaçırıq. Belə adamları dinləmək bizə yorucu gəlir. Şəxs bizə özümüzü ifadə etməyə də imkan vermir".A.Ağayevanın dediyinə görə, söhbət zamanı yeni tanıdığınız insanın adını da tez-tez demək təsirlidir. Belə ki, insan öz adını eşidəndə söbətə daha çox reaksiya verir.Yaxşı tanımadığınız insanla zarafatlaşmaq bir qədər təhlükəlidir. Belə ki, qarşınızdakı insan bunu pis qəbul edə bilər. Ünsiyyət zamanı daim öz fikirlərinizin, davranışınızın düzgün olduğunu sübut etməyə çalışmayın: "Yalnız qarşıdaki insanın etibarını qazandıqdan sonra bunu edə bilərsiz. Bunun üçün də müəyyən vaxtın keçməsi tələb olunur. Ünsiyyət zamanı nitqinizin aydın olmasına da fikir verin. Belə ki, ünsiyyət qurmaq bacarığınız, danışıq tərziniz həm şəxsi, həm də sosial həyatda mühüm rol oynayır". 
Mənbə: Milli.Az
8 oktyabr 2013
GO BACK