Qadin.NET / "Şalvarınızın qabağı açıqdır"

"Şalvarınızın qabağı açıqdır"

XX əsrin görkəmli siyasi xadimi Uinston Çörçilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyünü heç də hamı bilmir. O da maraqlıdı ki, Nobel mükafatı aldığı 1953-cü ildə Ernest Hemenqueyin də namizədliyi irəli sürülübmüş. (E.Hemenquey 1954-cü ildə bu mükafata layiq görülüb.) Əgər Alfred Nobel ən yaxşı siyasi xadim və hərbi strateq üçün də mükafat ayırsaydı, heç şübhəsiz, Çörçil bu mükafata da layiq görülərdi. O, öz atmacaları, aforizmləri, kəlamları ilə də məşhurdu. Sizə təqdim etdiyimiz "Düşüncələr və aforizmlər" Riçard M.Lenqvortun tərtib etdiyi "Çörçilin hazırcavablığı" kitabından götürülüb.

Düşüncələr və aforizmlər. Mübahisə. İngilis-Amerika qarışığı (1952). Feldmarşal Slim. Məncə, biz qarışıq bir şey - yarı ingilis, yarı amerikan olan tüfəng hazırlayacağıq. U.Ç. Əfv edərsiniz, feldmarşal, axı siz məni təsvir edirsiniz.

Dar ağacı (1948). U.Ç. Əgər edam qaydasında həyata keçirilsə, dar ağacından asanda ölüm tamamilə ağrısız olar.
Mister Stabbz. Öz üzərinizdə yoxlayardınız. U.Ç. Nə bilək, ola bilsin, lazım gələcək.
Dar ağacı (1952). Pərəstişkar xanım. Hər dəfə çıxış edəndə, zalın ağzınacan dolu olduğu sizə xoş deyilmi? U.Ç. Xoşdu, özü də çox xoşdu, ancaq zalı hər dəfə dolu görəndə, düşünməyə bilmirəm ki, əgər çıxış etməyib, eşafota çıxsaydım, tamaşaçı bundan iki dəfə çox olardı.
 "Çılpaq" görüş (1941). U.Ç. (Ruzvelt öz kreslosunda qapını döymədən Çörçilin kabinetinə girəndə, o, vannadan çıxıb hələ geyinməyə macal tapmayıbmış.) Böyük Britaniyanın baş nazirinin ABŞ prezidentindən gizli heç bir şeyi yoxdu.
Sağlamlıq (1949). Fotoqraf. Ser, ümid edirəm ki, yüzillik yubileyinizdə də sizin şəklinizi çəkəcəyəm. U.Ç. Niyə də olmasın, siz kifayət qədər sağlam adam təəssüratı yaradırsınız.
Ölü quş (1946). Enyurin Biven. Uinston, şalvarınızın qabağı açıqdır. U.Ç. Bu sizi həyəcanlandırmasın. Ölü quş yuvasından uçmaz.
Təmiz vicdan (1938). U.Ç. Ser Kinqsli Vud bu yaxınlarda nazir təyin edilib, ona görə vicdanı hələ təmizdi.
 Premyera (1922). Bernard Şou. Öz premyerama sizin üçün iki bilet saxlatmışam. Əgər dostunuz varsa, onu da özünüzlə götürə bilərsiniz. U.Ç. İlk tamaşanıza gələ bilməyəcəyəm. İkinciyə gələrəm - əgər olacaqsa.
Kefli və pis (1946). Parlamentin üzvü Bessi Breddok. Uinston, siz keflisiniz, özü də dəhşətli dərəcədə keflisiniz.
U.Ç. Mənim əzizim, Bessi, siz kifirsiniz, özü də dəhşətli dərəcədə kifirsiniz. Mən sabah ayıq olacağam, sizsə yenə eybəcər olaraq qalacaqsınız.
Siyasət və hökumət. Müharibəni qızışdıran (1951). Mənim heç xoşuma gəlmədi ki, cənab Stalin cənab Ettliyə "müharibəni qızışdıran" deyib. Məncə, bu, tamamilə səhvdi. Həm də ədalətsizlikdi, axı "müharibəni qızışdıran" ifadəsiylə cənab Ettlinin dostları seçkilər zamanı məni ləkələmək istəyirdilər. Stalini ona görə təkcə ləkə yaxmaqda yox, həm də müəllif hüququnu pozmaqda günahlandırmaq lazımdı.
Mübahisə (1943). Elə adamlar var ki, ağızlarına gələni danışmağa haqları olduğunu düşünürlər, ancaq kimsə onlara etiraz etsə, bu - qanun pozuntusudu. Siyasi partiyalar (1907) Hakim partiyanın dəyişməsi, növbəli əkin kimi, faydalı şeydi.
İnqilab (1912). İnqilab haqqında düşünənlər, özlərini gilyotinə hazırlasınlar.
Kəlamlar və düşüncələr. Gələcək (1958). Gələcək məlum deyil. Keçmiş bizdə ümidlər yaratmalıdır.
Keçmişə baxış (1944). Nə qədər çox geriyə baxsan, o qədər çox irəlini görərsən.
Rüşvət (1953). Adamı öldürməkdən, pulla ələ almaq yaxşıdır, təbii ki, ölməkdən pulla ələ alınmaq daha yaxşıdır.
Müharibə və demokratiya (1930). Demokratiya bərqərar olandan bizdə bir müharibə o birisini əvəz eləyir.
Pis kompaniya (1943). Pis kompaniyaya düşmək asandı, nəinki ondan çıxmaq.
Qadınlar (1900). Gözəl qadını alçaltmaq, demək olar ki, mümkün deyil; o, gözəl olaraq qalacaq, onu alçaldan isə səfeh vəziyyətə düşəcək.
Parlament (1951). Parlamentin məqsədi - yumruq davasını söz davasıyla əvəz etməkdir.
Müharibə haqqında. İkinci dünya müharibəsi (1940). Qəribədi ki, mən bu müharibədə bir dəfə də olsun uğur qazanmamışam, ancaq həmişə tərif eşitmişəm; keçən müharibədə isə nələrəsə nail olmuşdum, di gəl həmişə danlaq eşitmişdim.
İkinci dünya müharibəsi (1941). Bir ay əvvəl Hitlerin çoxdandı susduğuna diqqəti çəkmişdim. Bunu deməyə bənd imişdim, çıxış edib alman xalqına bildirdi ki, Moskva bir neçə günə süqut edəcək. Bundan belə çıxır ki, - əminəm hamınız mənimlə razılaşarsınız - vaxtından əvvəl ağzını açıb danışmamaq onun tərəfindən daha ağıllı hərəkət olardı.
İkinci dünya müharibəsi (1944). Mənim bir tərəfimdə pəncələrini açmış nəhəng rus ayısı, o biri tərəfimdə iri amerika kəli oturmuşdu. Onların arsında isə balaca, yazıq ingilis eşşəyi sıpıxıb oturmuşdu və təkcə o, evə aparan yolu bilirdi.
Nüvə silahı (1950). İndi belə bir fikir mövcuddur ki, atom bombasından yalnız onu bizə atandan sonra istifadə edə bilərik. 
Misir (1952). Mən istəməzdim ki, Ruzvelt sfinksi görmədən çıxıb getsin. Biz maşınla yola düşdük… Bir neçə dəqiqə Ruzveltlə birlikdə dinməzcə ona baxdıq. Sfinks bizə heç nə demədi - yalnız müəmmalı-müəmmalı gülümsədi. Daha gözləməyin mənası yoxdu.
Rusiya (1929). Məgər İngiltərə, Fransa və Amerika 1919-cu ildə Sovet Rusiyasıyla döyüşmüşlər? Əlbəttə, yox… Onlar dönə-dönə təkrar edirdilər ki, rusların öz daxili işlərini necə qurmaları onları heç maraqlandırmır. Onlara dəxli yoxdu - bax indi də cəzasını çəkirlər
ABŞ (1943). U.Ç. Niaqara şəlaləsini siz hələ anadan olmamışdan əvvəl görmüşəm. Burda ilk dəfə 1900-cu ildə olmuşam. Myxbir. O heç dəyişməyib? U.Ç. Eyni prinsipdi. Su yuxarıdan aşağıya axır.
 Dil və ədəbiyyat haqqında. Ədəbiyyat üzrə Nobel mükafatı (1953). Mən fəxr eləyirəm və boynuma alıram ki, məni mükafatlandırmaq qərarınızdan canımı qorxu alıb. Doğru qərar verdiyinizə çox inanmaq istəyirəm. Mənə elə gəlir ki, siz də, mən də çox risk eləyirik və mənə görə belə riskə getməyə dəyməzdi. Bir sözlə, əgər ürəyinizə pis bir şey gəlmirsə, mən də elə fikirləri özümə yaxın buraxmaram.
Oxu (1934). Mənə elə gəlir ki, qocalar yeməkdən ehtiyatlı olduqları qədər, cavanlar kitab oxumaqdan ehtiyatlanmalıdırlar. Əlinə keçəni içəri ötürmək lazım deyil. Oxuduğunu yaxşı-yaxşı çeynəmək lazımdı.
Şəxsi. Alkoqol (1944). İçməyənlər də podaqradan ölürlər. Hər halda, bu dünyada ədalət var.
Heyvanlar. İtlər sizə altdan yuxarı baxırla, pişiklər yuxarıdan aşağı. İndi mənə donuzu göstərin! O, düz sizin gözünüzün içinə baxır və özünü sizinlə tay-tuş kimi aparır.
Sağlamlıq (1950). Mən yaxşı fiziki formadayam, çünki ömürboyu öz fiziki formalarını yaxşı saxlayan dostlarımın tez-tez tabutunu qaldırıram.
Seks (1951). Tütün sevgi üçün ziyanlıdı, ancaq yaş ondan da ziyanlıdı.
Tərcümə: S.Budaqlı 

 

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK