Qadin.NET / Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq

Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkə ərazisində vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılığı müəyyən edəcək. İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, bunun əsasında vərəmin yayılmasının təbii zonal şəraiti müəyyənləşəcək və bu vəziyyəti özündə əks etdirən xəritə hazırlanacaq.R.Məmmədov bildirib ki, tədqiqat zamanı ölkə üzrə vərəmli xəstələrin sayı, onların rayonlar üzrə paylanması vəziyyəti, bu xəstəliyin yayılması ilə bütün təbii şəraitlər, o cümlədən məişət şəraiti arasında olan əlaqə öyrəniləcək. Araşdırma zamanı vərəm xəstələrinin sayının artımı ilə iqlim şəraiti arasında bağlılığın olub-olmadığı da tədqiq ediləcək: "Tibbi statistik məlumatlar əsasında xəstələrin hansı şəraitdə yaşadıqları, onların mənzil, sanitar şəraiti öyrəniləcək. Xəstənin dağlıq, düzən ərazidə, çay kənarında, dəniz kənarında yaşaması kimi amillərə də baxılacaq".R.Məmmədov deyib ki, xəstənin quraq, yoxsa rütubətli ərazidə yaşadığı tədqiqatçılar tərəfindən araşdırılacaq. Əgər hər hansı ərazidə rütubətin yüksəlməsi ilə yanaşı, xəstələrin sayında da artım müşahidə edilirsə, onda bu iki amil arasında əlaqənin olması qənaətinə gəlinəcək.İnstitutun direktor əvəzinin sözlərinə görə, bu tədqiqatların nəticələri ölkədə vərəmlə mübarizə işinin təşkilinə, qabaqlayıcı tədbirlərin görülməsinə yardım edəcək. Tədqiqatların 3-4 il ərzində yekunlaşacağı gözlənilir.

 

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK