Qadin.NET / Texniki baxış zamanı sürücüləri heyrətləndirən nədir?

Texniki baxış zamanı sürücüləri heyrətləndirən nədir?

 

Day.Az saytının redaksiyasına Rüfət adlı oxucu tərəfindən məktub daxil olub. Milli.Az xəbər verir ki, məktubda yazılıb: 
"Mənim sualın avtomobillərin texniki baxışı ilə bağlıdır. Mənə məlum olan qədər, Zabratda yerləşən Texniki Baxış Mərkəzinin əməkdaşları yalnız avtomobilin nasazlığı barədə akt yazırlar. Ancaq aktla yanaşı, onlar 150 manat dəyərində protokol da tərtib edirlər (nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması) və sürücüyə imkan yaratmırlar ki, maşındakı nasazlığı düzəldib yenidən gəlsinlər. Bu nə dərəcədə düzgündür?" 
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Əliyev qeyd edib ki, sürücü avtomobili texniki cəhətdən saz vəziyyətdə təqdim etməlidir. Əgər baxış zamanı nasazlıq ortaya çıxırsa, sürücü buna görə məsuliyyət daşıyır. 
"Yola çıxarkən, texniki nasazlıq ucbatından qəza baş verə bilər. Əgər texniki nasazlıq ortaya çıxarsa, sürücü inzibati məsuliyyətə cəlb olunur", - o bildirib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov isə qeyd edib ki, Texniki Baxış Mərkəzinin əməkdaşlarının protokol tərtib etmək hüquqları var. 
"Mərkəzdə hətta avtomobilin istifadəsini qadağan edə bilərlər. Sürücülərin diqqətinə çatdırmaq istərdim ki, oktyabrın 31-də texniki baxış müddəti bitir. Maşınları texniki baxışdan keçirməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar", - o əlavə edib. 
Mənbə: Milli.Az
8 oktyabr 2013
GO BACK