Yeni unikal metod menopauzadan sonra da uşaq doğmağa imkan verir. İlkin təcrübələr nəticəsində 2 qadın hamilə qalıb, onlardan biri dünyaya sağlam uşaq gətirib.Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, ABŞ-ın Stenford Universitetinin və Yaponiyanın Müqəddəs Marianna tibb məktəbinin bir qrup alimi maraqlı kəşf edib. Onların yaratdıqları metodika belədir: erkən menopauzaya girən gənc qadınların yumurtalıqları orqanizmdən çıxarılıb, mexaniki təsirlə xırdaca çərtilib və içinə xüsusi dərman yeridilib, sonra yenidən yumurtalıqları qadın orqanizminə, fallopi borularının üst hissəsinə implant ediblər, qadınlar özləri isə hormonal terapiya keçiblər. Nəticədə 27 qadının 8-də yumurtalıqlar aktivləşib - onlarda qalan follikullar inkişaf etməyə başlayıb. İki qadın hamilə qalıb, onlardan biri isə artıq dünyaya oğlan uşağı gətirib.Alimlər ümid edirlər ki, yeni metodika sonsuzluğun başqa formalarında da, məsələn, xərçəng əleyhinə kimya və şüa terapiyasını keçənlərə də kömək edəcək. Eyni zamanda həkimlər bildirirlər ki, bu metod vaxtından əvvəl başlanan menopauzada işə yaraya bilər, təbii səbəbdən menopauzaya girən xanımların bu üsulla dünyaya uşaq gətirmələri ağlabatan deyil.
Mənbə: Milli.Az