İnsanın öz səhvlərini boynuna alması çox çətindir. Bəs niyə? Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, London Universitet Kolleci yanında Koqnitiv nevrologiya institutunun alimləri "idarə hissi", yaxud "güc hissi" deyilən maraqlı fenomeni tədqiq ediblər. Bu fenomenin mahiyyəti insanın etdiyi hər hərəkətinə emosional cavabıdır. Məlum olub ki, insanlar daha çox hərəkətin müsbət nəticələrində özlərinin əməkləri olduğunu etiraf edir, amma uğursuz nəticəni özlərindən uzaqlaşdırırlar. Britaniyalılar belə bir eksperiment aparıblar. Təcrübə iştirakçıları işığı yandırmaq üçün düyməyə basıblar. Amma basma anı ilə işığın yanması arasında müxtəlif zaman fərqləri olub. İşıq yanarkən onu müxtəlif səslər müşayiət edib: gah neqativ, qorxu yaradan, gah da pozitiv, məsələn, alqış sədaları. Sonra könüllülərdən işığın yanma zamanının uzunluğu barədə rəylərini soruşublar. Neqativ, adamın əsəblərini korlayan səslə müşayiət olunan zaman məsafəsini iştirakçılar ən uzun hesab ediblər. Bundan da alimlər belə nəticəyə gəliblər ki, neqativ nəticəli hadisələrə insanlar özlərini aid etməyi xoşlamırlar.
Tədqiqatı şərh edən eksperimentin təşkilatçısı Patrik Hatqard qeyd edib ki, "idarə hissi" və insanın özünə dəyər verməsi hissi müəyyən situasiyalarda bir qədər fərqlənir. Ona görə insanlar nəinki özlərinin hiss olunan hərəkətlərinə, eyni zamanda hiss olunmayan hərəkətlərinə görə də məsuliyyət daşımağı öyrənməlidirlər. Siz necə, səhvlərinizi boynunuza alıb, onları etiraf etməyi bacarırsınızmı? Bu vacibdirmi?
Mənbə: Milli.Az