
Köhnə MP3-pleyerinizi unuda bilərsiniz. İndi musiqi dinləmək üçün qulağa Split taxmaq kifayət edir. Split - audiopleyer və simsiz qulaqcıqların bir qacetdə birləşməsidir. Milli.Az hi-news.ru-ya istinadən bildirir ki, pleyerdər istifadə qaydası standart deyil: dişlərini bir-birinə vurursan, musiqini dinləyirsən. Avadanlıq hələlik prototip mərhələsindədir, yaddaşı 256 Mb-dir. Qacetin geniş yayılması üçün Split-in yaradıcılarının 435 min dollar investisiyaya ehtiyacları var. Bu necə işləyir? Maqnitli qulaqcıqlar bir-birindən ayrılan zaman işə düşür. Aralarında birləşdirici kabel olmadığından onların hər birinin içində MP3-pleyer var və musiqini sinxron olaraq oxudur. Səsin sinxronizasiyası radiodalğalar vasitəsilə həyata keçirilir. Çənəni sıxanda akselerometr qurğuya xəbər verir ki, mahnını dəyişmək lazımdır. Səsi isə çənəni iki dəfə sıxmaqla tənzimləmək olur. Əgər musiqi dinləyərkən saqqız çeynəmək, yaxud nahar etmək fikrinə düşsəniz, gərək sağ qulaqdakı qulaqcığa barmağınızla bassanız - o zaman pleyeri idarə edən elementlər bloka düşəcək. Hələlik Split 24-dək mahnını yaddaşında saxlaya bilir. Səyahət üçün yaramır, amma səhər qaçışı üçün pis deyil. Audiopleyer enerjini USB-kabellə yığır. Hazırda mahnının qurğu enerji yığdığı zaman köçürülməsi üzərində iş aparılır. "Biz səsin əla keyfiyyətdə olması üçün az vaxt və güc sərf etməmişik. Bu qulaqcıqlar oyuncaq deyil. Çıxışda siqnal-küy münasibəti 100 dB-ə bərabərdir, bu isə kompakt-diskin səs keyfiyyətini (93 dB) üstələyir. Sadə dillə desək, mahnı küydən 100 000 dəfə güclüdür. Səs tezliklərinin diapazonu 20 Hz-dən 20 kHz-dəkdir", - qacetin ixtiraçıları deyirlər. Yeni kabelsiz qulaqcıqların qiyməti 155 dollar müəyyən olunub. Ancaq çox mümkündür ki, layihə lazımi pulu toplaya bilməsin. Bir neçə günə lazım olan məbləğin - 435 min dolların cəmi 28 mini toplanıb.
Mənbə: Milli.Az