Dünyaya gəldiyi an uşağın sonrakı həyatına ciddi təsir göstərə bilər. Məsələn, vaxtından hətta iki həftə əvvəl doğulmaq karyeraya və insanın gəlirlərinə ciddi təsir edə bilər. Milli.Az medinfo-ya istinadən bildirir ki, fin alimləri belə fikirləşirlər. Onlar Helsinkidə 1930-1940-cı illərdə doğulmuş 9 min insanın barəsindəki məlumatları öyrəniblər. Bu insanlardan 500-ə yaxını vaxtından bir neçə həftə əvvəl doğulmuşdu. Alimlər həmin uşaqların gələcək həyatını izləyib, təhsillərini, fəaliyyət sahələrini, gəlir səviyyəsini araşdırıblar. Belə aşkar olub ki, vaxtından əvvəl dünyaya gələn uşaqların əksəriyyəti vaxtında doğulanlara nisbətən gələcəkdə daha çox fiziki işlərdə çalışıb, daha keyfiyyətsiz təhsil alıb (baza və ya orta) və daha az pul qazanıb. Belə güman edilir ki, buna səbəb onların beyinlərinin tam inkişaf etməməsidir. Bəllidir ki, beyin bütün hamiləlik boyu formalaşır, ona görə də alimlər hesab edirlər ki, uşağın vaxtından əvvəl doğulması onun beyninə təsir edir. Başqa amilləri də gözdən qaçırmaq olmaz. Çünki uşağın gələcək həyatına ailənin sosial statusunun az təsiri yoxdur. Məsələn, aztəminatlı ailədə uşaqların vaxtından əvvəl doğulması hallarına daha çox rast gəlinir. Bizlərdə də çox vaxt kəmhövsələ adamlara "altıaylıqsan?" deyə rişxənd edirlər. Sizcə, "altıaylıq" olmağın gəlirlərə, yaxud bacarıqlara hansısa təsiri varmı?
Mənbə: Milli.Az