Bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələr nəticəsində seçiliblər. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə alıb, onlardan isə 21-i Bakı səhnəsində ifa etmək hüququ əldə edib.
Artıq dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti həmişə olduğu kimi peşəkarlardan ibarətdir.
Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı ilə canlı yayımlanır.
Müsabiqə çərçivəsində zərb muğamlarına, təsniflərə həsr olunan konsertlər keçirilir. İştirakçılar dahi Azərbaycan şairləri Füzulinin, Nizami Gəncəvinin və digər ədiblərin sözlərinin yer aldığı muğam və təsniflər ifa edirlər.
Muğam yarışında diqqəti cəlb edən məqamlardan biri də iştirakçıların SMS-lər vasitəsilə deyil, peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilməsidir.
Mənbə: Milli.Az