Qadin.NET / Şamaxı Astrofizika Rəsədxanası: Süni peyklərlə əlaqələr pozularsa, bu, texnogen fəlakətlərə gətirib çıxara bilər

Şamaxı Astrofizika Rəsədxanası: Süni peyklərlə əlaqələr pozularsa, bu, texnogen fəlakətlərə gətirib çıxara bilər

 

“Günəş aktivliyi hər 11 ildən bir baş verir. 4 il ərzində günəşin aktivliyi maksimuma qalxır, maqnit sahəsinin gərginliyi müşahidə edilir. Günəş aktivliyinin maksimumu qalan 5-6 il ərzində sönür. Bu il isə 11 illik Günəş aktivliyinin maksimumudur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov bildirib. Onun sözlərinə görə, Günəş aktivliyi nəticəsində maqnit qasırğaları tez-tez baş verir, alışmalar və milyonlarla ölçülü kütlələr böyük sürətlə Günəşdən yerə doğru atılır. Şöbə müdiri qeyd edib ki, Yerlə Günəş arasındakı məsafə 150 milyon km olduğundan, atılan atəşlərin yerə düşmə ehtimalı çox az olur: “Hazırda amerikalılar iki süni peyk buraxıblar ki, onların sayəsində vəziyyət hərtərəfli müşahidə altında saxlanılır”. Güclü aktivliyin yarada biləcəyi təhlükələrə gəlincə, N.Cəlilov qeyd edib ki, maqnit qasırğaları yerə yönələndə və dəyəndə maqnit sahəsini silkələyir. Onun sözlərinə görə, qasırğanın gücü böyük olanda zərbə maqnit sahəsindən atmosferə daxil olur: “Bu da ilk növbədə kommunikasiya və süni peyklərin fəaliyyətini pozur. Süni peyklərlə əlaqələr pozularsa, bu, texnogen fəlakətlərə də gətirib çıxara bilər. Bundan əlavə, maqnit qasırğaları insanların səhhətinə də ciddi təsir edə bilər”.  

 

Mənbə: APA.Az

4 oktyabr 2013
GO BACK