Namiq Cəlilov: “Yerdə geomaqnit gərginlik və maqnit qasırğası qeydə alınıb” Bakı. Könül Kamilqızı -APA Dünən və bu gecə Yer kürəsində geomaqnit gərginlik və maqnit qasırğası qeydə alınıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov bildirib. Şöbə müdiri deyib ki, maqnit qasırğası Azərbaycanda da hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib. N. Cəlilovun sözlərinə görə, maqnit qasırğası Günəş ətrafında yaranan kiçik alışmaların yerə çatması nəticəsində yaranıb. Maqnit qasırğasının gücünün J1-dən J9-a kimi ölçüldüyünü deyən şöbə müdiri bildirib ki, ötən gün maqnit qasırğası Yerə zəif olan J1 gücündə çatıb: “Zəif gücə malik maqnit qasırğasından texniki nöqteyi-nəzərdən heç bir təsiri olmayıb. Maqnit qasırğası nəticəsində yalnız ürək-damar xəstəliyi olan şəxslər təzyiqlə əlaqəli olaraq hansısa narahatlıq hiss ediblər”.N. Cəlilov qeyd edib ki, ümumi maqnit sahəsi Yer kürəsini təzyiqlərdən qoruyur. Ötən gün qeydə alınan maqnit qasırğası də Yer kürəsini qoruyan maqnit sahəsini bir az silkələyib. Şöbə müdiri vurğulayıb ki, artıq bu gün maqnit qasırğasının gücü azalıb: “Qarşıdakı günlərdə üçün maqnit qasırğasının heç bir təhlükəsi yoxdur”
Mənbə: Milli.Az