Bunu Trendə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Q.Yetirmişli bildirib ki, illərlə aparılan müşahidələrə görə, ən aktiv zona Şamaxı-İsmayıllı seysmogen zonasıdır: "Həmçinin Xəzərin şimal hissəsində böyük aktivlik var və cənubi-şərqə doğru aktivlik qeydə alınır". Onun sözlərinə görə, uzunmüddətli araşdırmalara əsasən isə ümumilikdə dağıdıcı zəlzələ gözlənilmir, Azərbaycanda seysmiklik fon səviyyəsindədir. Q.Yetirmişli deyib ki, Azərbaycanda xırda təkanlar hər zaman baş verir: "Bir həftədə təxminən 60-70 yeraltı təkan qeydə alınır, heç biri də hiss olunmur". Mərkəzin baş direktoru bildirib ki, Azərbaycanın seysmoloji yoxlamalar şəbəkəsi ən müasir avadanlıqla təchiz olunub və dünyada ən qabaqcıl 5 ölkə ilə bir sırada durur: "Artıq ölkə ərazisində bu cür avadanlıqlardan 35-i qurulub. Bunun nəticəsində heç bir yerdaxili proses nəzarətsiz qalmır". Q.Yetirmişli bildirib ki, Xəzərdə 3 ədəd yeni seysmoloji avadanlıq bu il ərzində quraşdırılacaq. "Layihə və bütün avadanlıqlar hazırdır. Müəyyən texniki məsələlər var ki, öz həllini tapmalıdır. Çünki dənizdə belə mürəkkəb avadanlıqların qurulması olduqca çətindir".
Mənbə: Milli.Az