Qadin.NET / Gəncə idmançısı taekvondo üzrə Avropa birinciliyində mükafat qazanıb

Gəncə idmançısı taekvondo üzrə Avropa birinciliyində mükafat qazanıb

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Portuqaliyanın Portu şəhərində gənc taekvondoçuların XIX Avropa birinciliyi keçirilib. Yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdıb. Mükafatçılar arasında Gəncə idmançısı da var. Milli komandamızın heyətində debüt edən 1 saylı Uşaq Gənclər İdman məktəbinin yetirməsi olan Elnur Məhərrəmovun qazancı bürünc medal olub. 78+ kq çəki dərəcəsində qüvvəsini sınayan gəncəli taekvondoçu ilk döyüşdə ingiltərəli, 2-ci döyüşdə slovakiyalı rəqibini üstələyib. Finala gedən yolda isə o, yunanıstanlı taekvondoçuya yenilərək qitə birinciliyində 3-cü yerə sahib çıxıb. Avropa birinciliyinin bürünc mükafatçısı Elnur Məhərrəmov: "Mən ilk dəfə idi ki, gənclərin Avropa çempionatına qatıldım. Yarış çox çətin keçdi. Buna baxmayaraq mən bu yarışda bürünc medal qazana bildim". Taekvondo üzrə Gəncə yığma komandasının baş məşqçisi Şahmar NağıyevElnurdan medal gözlədiyini bildirərək onun milli komandanın üzvü kimi bu çəkidə ölkədə lider olduğunu vurğulayıb. Taekvondo üzrə Gəncə yığma komandasının baş məşqçisi Şahmar Nağıyev: "Bu, Elnurun ilk yarışı deyildi. Bundan öncə o, 2 dəfə respublika çempionu olub. Bundan əlavə, o, ötən il yeniyetmələr arasında Avropa üçüncüsü olub". Qeyd edək ki, Elnur Məhərrəmovu qarşıda daha bir neçə sınaq gözləyir. Gələn ay təşkil olunacaq növbəti respublika çempionatına qatılacaq gənc taekvondoçu bu dəfə də qalib gələcəyi təqdirdə 2014-cü ildə gənclər arasında təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmış olacaq.

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK