Müəllimlərin bayramı yaxınlaşdıqca, Bakı orta məktəblərində də şikayətlər yaranır. Valideynlər Milli.Az-a yazırlar ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən İlqar Məmmədov adına 298 saylı orta məktəbdə Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar pul yığılır. Hər şagirddən 20 manat pul gətirilməsi tələb olunur. Valideynlər belə halın qarşısının alınmasını istəyir. Məktəbin direktoru Şaiqə Hüseynova Milli.Az-ın “məktəbinizdə pul yığılır” deməsinə qəribə reaksiya verdi: “Allah, sən saxla! Pul yığırlar? Allah, sən saxla! Belə bir şey ola bilməz. Biz buna yol vermərik”. Direktor belə bir fakt barədə ona məlumat verilməsinə görə təşəkkürünü bildirdi və əlavə etdi ki, bu məsələ araşdırılacaq.
Mənbə: Milli.Az