Qadin.NET / Fridrix Nitsşedən tərcümələr

Fridrix Nitsşedən tərcümələr

 

 

Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan ... Yunanların fəlsəfə ilə baş qatmaqları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
"Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu, o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur”.
Odisseyin nəyi yunanları məftun edirdi? Hər şeydən əvvəl yalan demək qabiliyyəti, bir də hiyləgər və qorxunc qisas həvəsi...
Gəlin etiraf edək ki, biz hər şeyə görə yalana borcluyuq... Yalan gözümüz görə-görə həyati zərurətə çevrilmişdir.
Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: "Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar... Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür.
Bütün həqiqətlər sadədir. - Bunun özü ikiqat yalan deyilmi? Çarəmiz yoxdur, bu gərdişlə barışmalıyıq... Yalan danışmaq cəsarətli adamların işidir.
Mahiyyətcə qeyri-əxlaqi olan hisslərimiz gerçək dünya haqqında bizə heç də etibarlı bilik vermir. Əxlaq budur: hisslərimizin aldanışından, dünyanın gərdişindən, tarixdən, yalandan mümkün qədər uzaq olmaq. Tarix hisslərə sadiqlikdən, yalana inamdan başqa bir şey deyildir.
Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər... Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur.
İnsanın ən çox istifadə etdiyi yalan onun öz-özünü aldatdığı yalanlardır. Başqalarına yönəlmiş yalan bunların yanında heç nədir.
Mən yalnız yalanı yalan kimi dərk etdikdən sonra həqiqətin nə olduğunu anladım.
Yalanın dərk olunması insana təbii sevinc və fərəh bəxş edir... Almanın toxumu onun öz içində qərar tutduğu kimi.
Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalansız bu reallıq, bu "həqiqət” üzərində qələbə çalmaq qeyri-mümkündür.
Müqəddəs yalanı doğuran səbəb də amirlik iradəsidir.
Heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur.
Bir iranlı üçün mühüm olan şeylər bunlardır: sərrast atəş açmaq, at minmək, borc verməmək və yalan danışmamaq.
İnsanlarla ünsiyyətdə şərəf hissini gözləməkdən böyük ağılsızlıq yoxdur. Bundan da pisi nəzakətlə yalan danışmaq vərdişinə yiyələnməməkdir.
Həqiqət düşmənləri. – Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır.
Bizim istifadə etdiyimiz yalanların dörddə üçü antitezalarla dünyaya gəlmişdir
Heç kəs, heç zaman və heç yerdə bu həqiqətin doğruluğuna şübhə etməsin! – Yalanlar daim insanların həyatını müşayiət edir, ancaq sonradan heç düşünməyə də vaxt və həvəsləri olmur və baş verənlərə heç inanmaq da istəmirlər.
Uğursuz an! – Müdrik insanlar yalnız bir anlığa yalan danışırlar.
Qeyri-əxlaqi hərəkətlər bizim əxlaqa əsaslanan həyat tərzimizin ilikin şərtlərini yaradır. Onlar ruhumuza, daxili varlığımıza hakim kəsilmişlər. Biz heç vaxt heç kəsə rəva bilmədiyimiz dərəcədə öz-özümüzə qəsd edir, oğurluq və ikiüzlülük edir, cilddən-cildə giririk.
Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, - o, filosofu əyalət keşişinin səviyyəsinə endirir.
Yalan insanın xarakterinə uyğun olanda yalançılıq daha asan bir peşəyə çevrilir.
Həqiqilik problemini hələ axıra qədər heç kəs dərk edə bilməmişdir. Yalan əleyhinə deyilən hər bir söz bir məktəb mirzəsinin sadəlövhlüyündən başqa bir şey deyildir. Xüsusilə "yalan danışmaq olmaz!” tələbkarlığa kimi.
... Hər cür xoşbəxtlik - ehtirasları boğmaq və iradəni susdurmaqla yaranır.Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: "yalan danışmaq olmaz”, "öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur.
Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar.
"Mənim ayaqlarda sürünən xoşbəxtliyim kədərlə gülümsəyir. Mənim yalan xəyallarım da rişxəndlə gülümsünür. Sən hara, yaranmaq hara? Mən həyatda heç vaxt ixtiyar sahibləri qarşısında sürünmədim: yalanı da sevgidən etdim, sevə-sevə yalan danışdım”.
Yalan danışmağı bacarmayan həqiqətin də nə olduğunu bilməz.
Biz hamımız, bəzən də heç xəbərimiz olmadan, az və ya çox dərəcədə özümüzü arsızlığa vururuq.
O emalatxanalar ki, oralarda ideallar quraşdırılır, onları görəndə dalağım sancır – burnuma kəsif yalan qoxusu dəyir.
İndi musiqiçi (Vaqner kimi) bir aktyor rolunda çıxış edir, onun sənəti daha çox yalançılıq istedadı şəklində inkişaf edir.
Mənim narahatçılığım ... bundadır ki, aktyor təbii, ilkin olana xəyanət etməsin. Musiqi yalan yaymaq peşəsinə çevrilməsin.
Vicdanın buyruğu ilə hərəkət edən adamlarda yalan və hiyləgərliyə qarşı təbii bir nifrət olur; qorxu anlarında buna bənzər nifrət motivləri ola bilər, çünki yalan ilahi bir hökmlə qadağan edilmişdir. Yalan danışmaq üçün cəsarət tələb olunur.
Məhəbbət və nifrətdə qadınlar kişilərdən daha amansız olurlar.
Məni yandıran o deyil ki, məni aldadırsan, məni yandıran odur ki, daha sənə inanmıram.
4 oktyabr 2013
GO BACK