Jalə Mütəllimova Kriminal xəbərlərin çoxluğundan, ya nədəndi, bilmirəm. Arvadını öldürən kişilərin sayı çoxalıb. Biri uzun illər yaşadığı qadına hansısa kişinin sevgi mesajı yazdığını aşkarlayır, o biri evdar qadınının ona xəyanət elədiyini söyləyir. Başqa biri "şübhələnirdim, öldürmüşəm" deyir.
Bu günlərdə biri qadının əl qolunu bağlayıb döyə bildikcə döyüb, sonra da qulağını kəsib eybəcər hala salıb. Əslində nə yaşandığını sona qədər kimsə bilmir. Heç hakimlər, müstəntiqlər də. Hamı sadəcə qərar verir. Bu olaylarda diqqəti çəkən bilirsinizmi nədir? Arvadın namusu üzünə pərdə eləmək cəhdi. Niyə bu "kişilər" demirlər ki, - bu yerdə kişi sözünü dırnaq arasında yazmalıyam ki, gerçəkdən ailə, qadın dəyərini bilənləri təhqir etmiş olmayım - alıb evimə gətirəndən sonra arvadım dayaqdan başqa heç nə görməyib; nə qayğı, nə diqqət nə hörmət, nə sevgi. Ömrü boyu da içində özünə bir sual verib: "Görəsən mən də qadınam?". Niyə o biri “kişi” demir ki, arvadım yol kənarındakı yeməkxanada “Kamaz” sürücülərinin yemək yediyi qabları yuyub. Səhv düşünməsin kimsə, demək istəmirəm ki, sürücü insan deyil və onun yemək yediyi qabı yumaq ayıbdı. Əsla! Ayıb olanı odur ki, o qabyuyan qadının əri orda zibil daşımaqdan utanır. Guya bunu “kişiliyinə” sığışdırmır. Amma orda gecə saat 12-ə kimi çalışan qadının qazandığı puldan axşam ərinə siqaret və araq alıb aparması əsl kişilik imiş. Əminəm ki, o "kişi" arvadını onun gətirəcəyi siqaret və araq qədər gözləmir. Ya da arvadının üzünə sulfat turşusu töküb, “əxlaqsız idi” demək hansı “kişilik” standartına uyğundu, bilən varmı?
Hələ davamı da var . “Kişi” deyir ki, arvadı şübhələrimə əsaslanıb öldürmüşəm. Fakta yox ha, şübhələrə. Bildiyimiz qədəri şübhənin də arxasında bir insan faktoru olar. Bu “kişilərin” şübhələrində fakt elə...şübhələridir. Faktsa, qadının qətlə yetirilməsidir, vəssalam! Bu baş verənlərdən mənim anlayacağım odur ki, belə cinayətləri yalnız özünə güvəni olmayan “kişilər” törədər. Və elə bu “kişilər” də “əxlaqsız idi” damğasını vurar qadınının ölüsünə də. Yəqin içəridə, məhbəsdə, türk demiş, rahat etməkçündü bu. Arvadının namusu arxasında gizlənmək. Yəqin elə bilirlər ki, hər “namus üstə gələni” öpüb göz üstə qoyurlar orda.
Əslində hər şey fərqlidir. Ona görə arzu eləyək ki, “kişilər” nə arvadlarını öldürsün, nə də eybəcər hala salsınlar. Qoyun başlarını birtəhər girləsin bu qadınlar. Və bir də “arvadını qeyrət üstündə zəlil elədi, ya da öldürdü, halaldı” deyib, dəstəklənməyə də ehtiyac yoxdu onları.
Qobustan Qapalı Həbsxanasından tutmuş, Uşaq Koloniyasına qədər demək olar ki, bütün həbsxanalardan reportajlar hazırlamış, az-çox oraların qaydalarıyla maraqlanan reportyor kimi deyirəm bunu: Öncə kimliyiniz haqda məlumat gedir içəri, məhbuslara. Sonra cinayətinizi araşdırırlar. Rəsmi qayda deyil bu, həbsxana qaydasıdır. Yazılmayan qaydalar yəni. Və bu qaydalar içəridəki ləqəbi belə müəyyən edir deyirlər. Həmin araşdırma və verilən ləqəb sizin sahib olacağınız, hətta yatacağınız yeri belə bəlli eləyir, içəridə siz gedənə qədər. Və bayırda narkoman, əyyaş, oğru, arvaddan siqaret pulu tələb eləyən oğlanların, "kişilər"in içəridə də hörməti olmur. Bir sözlə qeyrətli oğlanların namussuz arvadı olmur "KİŞİLƏR"!...
Mənbə: Lent.Az