Qadin.NET / Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər

Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər

 

 

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov deyib.Onun sözlərinə görə, hazırda Xəzər dənizində suyun səviyyəsində kritik dəyişmələr yoxdur: "Düzdür, Xəzərin suyunun səviyyəsində nisbətən enmə var. Dənizin səviyyəsi 15-20 sm aşağı düşüb. Ancaq biz mütəxəssislər buna stabilləşmə dövrü deyirik. Ona görə ki, dənizin səviyyəsi 15-20, lap 30 sm aşağı düşsə, yaxud yuxarı qalxsa da, bunun iqtisadi, sosial ziyanı olmur. Buna görə də bu, stabilləşmə dövrü adlanır". R.Məmmədov deyib ki, 1995-ci ildən etibarən Xəzər dənizinin səviyyəsində nisbətən stabilləşmə dövrü müşahidə edilir. Bu stabilləşmə dövrünün 2020-ci ilə kimi davam edəcəyi proqnozlaşdırılır: "Ehtimal var ki, 2020-ci ildən sonra dənizin səviyyəsi 1-2 metr qalxsın. Ancaq bu, 100 faizli proqnoz deyil". R.Məmmədov son illərdə Xəzərin sahilə doğru irəliləməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Bunlar hamısı müvəqqəti müşahidələrdir. Siz bu gün gedib görərsiniz ki, sahil xətti buradadır, o biri gün isə yerini dəyişib, başqa yerdədir. Bu, qovulma-gətirilmə prosesləri ilə bağlıdır. Dənizdən külək əsəndə suyu qovub sahilə gətirir. Yaxud külək dənizə tərəf əsəndə suyu dənizin içinə tərəf qovur. Buna isə suyun səviyyəsinin enməsi demək olmaz". R.Məmmədov bildirib ki, suyun səviyyəsi elə bir yerdə ölçülməlidir ki, orada dəniz qovulma-gətirilmə proseslərinin təsirinə məruz qalmasın. Buna görə də dənizin səviyyəsi gizli buxtalarda ölçülür.

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK