Qadin.NET / Bakı yol polisindən sürücülərə xəbərdarlıq: 28 gününüz var

Bakı yol polisindən sürücülərə xəbərdarlıq: 28 gününüz var

 

 

Oktyabrın 31-də bütün ölkə üzrə istismar edilən nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti bitir

Bu tələbləri yerinə yetirməyən hüquqi, fiziki və vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcəklər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Bölmə rəisinin sözlərinə görə, vaxtında texniki baxışdan keçməyən fiziki şəxslərin əlli manat, vəzifəli şəxslərin yüz manat, hüquqi şəxslərin isə üç yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulur: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi olaraq bildiririk ki, 28 gündən sonra, yəni noyabrın 1-nə kimi texniki baxışdan keçmənin müddəti bitir. Sürücülər və avtomobil sahibləri arasında təbliğatın aparılması məqsədilə xəbərdar edirik ki, bu müddətdə çalışıb istismar etdikləri avtomobillərinin sazlığı ilə bağlı texniki baxışdan keçirsinlər. Texniki baxışdan keçirilən zaman verilən talon avtomobilin qabaq şüşəsinin sağ alt hissəsinə yapışdırılmalıdır. Həmin talonun alın şüşəsində olmaması həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyini bildirir. Bu da yol polisi əməkdaşının həmin sürücünü saxlamasına zəmin yaradır. Ona görə də vaxtın darlığını nəzərə alaraq xəbərdar edirik ki, əgər inzibati məsuliyyətə cəlb edilmələrini, yol polisi tərəfindən saxlanılaraq əlavə vaxtı itkisinə yol vermək istəmirlərsə, təyin edilmiş müddətdə istismar etdikləri nəqliyyat vasitəsinin texniki baxışdan keçməsini təmin etsinlər". Bölmə rəisi onu da qeyd edib ki, təyin edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə son 3 gün ərzində sürücülər və avtomobil sahibləri barəsində 120 inzibati protokol tərtib edilib və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK