"O insan tarixçidir, professordur, prezidentliyə namizəddir. Siyasətdə də yeni adam deyil. Hər halda Milli Məclisin üzvü olub, qanunların qəbulunda iştirak edir. Məhz bunlara görə onun susması bizi yandırır". Milli Şuradan prezident seçkilərinə namizəd kimi qatılan və "Azərbaycan müxalifətinin vahid namizədi" olduğunu iddia edən Cəmil Həsənlinin seçkiqabağı təbliğat kampaniyası Güney Azərbaycandan olan soydaşlarımızı narazı salıb. Milli.Az bildirir ki, əslən Güney Azərbaycanından olan, indisə Almaniya, Hollandiya və İsveçdə yaşayan soydaşlarımız bəyan edirlər ki, C.Həsənlinin seçkiqabağı debatlar, seçicilərlə görüşlər, müsahibə və açıqlamalarında Güney Azərbaycan məsələsindən bəhs etməməsi anlaşılmaz məsələdir. "O, prezident, dövlət başçısı olmaq istəyir. Belədirsə, Güney Azərbaycandakı 28 milyon soydaşımızla bahəm, Qüzey Azərbaycandakı 9 milyon insanın ən ağrılı yaralarından olan Bütöv Azərbaycandan niyə bir kəlmə də danışmır?! Kimdən, nədən, niyə çəkinir? Bəlkə bunu bilərəkdən edir?! Bəlkə o, Güney Azərbaycan məsələsi ilə illərlə məşğul olandan, tarixi araşdırmalara sərf etdiyi onillərdən sonra qəfil yaddaşsızlığa, unutqanlığa tutulub? Belə insan prezident olarsa, Azərbaycan davasına nə xeyri dəyəcək?!" - Münhen şəhərində yaşayan Osman Sulduzdeyib. O.Sulduzun fikirlərini Stokholmda yaşayan və əslən Təbrizdən olan Həmid Feridun da bölüşür: "Cəmil Həsənlinin dərdimizlə bağlı sükutunu anlaya bilmirik. Onun azərbaycanlılara vədlər verməsini də süni sayırıq".
Mənbə: Milli.Az