Qadin.NET / Uşağınızı bu xəstəlikdən qoruyun...

Uşağınızı bu xəstəlikdən qoruyun...

 

Göy öskürək, əsasən, uşaq yaşlarının kəskin infeksion xəstəliyi olub yuxarı tənəffüs yollarında başlayır.

50 dərəcə bəs edər

Həkim-pediatr Elza Abbasova Milli.Az-a açıqlamasında deyir ki, ardınca isə uzun müddətli öskürək tutmaları müşahidə olunur. Xəstəliyi bordatella pertussis bakteriyaları törədir. Bunlar qram-mənfi, qısa hərəkət etməyən, ucları yumru çöplərdir. Aşağı temperatur göy öskürək törədicisinin həyat fəaliyyətini azaltmır. Ancaq 50 dərəcəyə qədər istilik onun məhv olması üçün yetərlidir.
Çömçəvari qığırdaq
“Bordatella pertussis bakteriyaları hava-damcı yolu ilə yuxarı nəfəs yollarının selikli qişasına keçərək traxeya və bronx şaxələrinə yayılaraq selikli qişada iltihabi dəyişikliklərə səbəb olur. Bu, ən çox çömçəvari qığırdaqlar arasındakı nahiyyədə, habelə traxeyanın iki şaxəyə ayrılan yerində daha çox nəzərə çarpır. Yuxarı nəfəs yollarının selikli qişasında klinik cəhətdən diffuz (yayılan) bronxit kimi görünən irinli proses əmələ gəlir. Endobronxitdən (bronx divarında yanğı) sonra tədricən peribronxit (bronx ətrafı hüceyrələrin iltihabı) prosesləri də əmələ gəlir. Həmçinin limfa dövranı və ağ ciyər toxumaları pozulur. Daha sonra göy öskürək bakteriyaları çoxalır və onlar məhv olduqca ekzotoksin (zəhərli maddə) ayrılaraq yuxarı nəfəs yollarının selikli qişasında allergik maddəyə qarşı reaksiya əmələ gəlir. Toksik maddələr həssas sinir uclarını daim qıcıqlandırır. Bunun nəticəsində, reflektor və allergik xarakterli spazmatik öskürək tutmaları baş verir”, - həkim-pediatr deyib.
Spazmatik öskürək
Həkimin dediyinə görə, ardıcıl davam edən bir neçə öskürək tutmalarından sonra uzun fışıltılı səs (repriz) eşidilir ki, bu da bağlı olan səs yarığından havanın keçməsi ilə əlaqədardır. Göy öskürəkdə bilavasitə mərkəzi sinir sisteminə olan toksik təsir spazmatik (coşqun) öskürəyin əmələ gəlməsinə səbəb olur. Coşqun öskürəyin ağır tutması zamanı müşahidə olunan oksigen çatmamazlığı əlamətləri nəfəs mərkəzinə olan toksik təsir ilə izah edilir. Spazmatik öskürək təkanlarında bütün nəfəs əzələləri yığılır və tutmanın sonunda öskürəklə az miqdarda şüşəyəbənzər qatı selik ifraz olunur: “Tutma bitdikdən bir neçə dəqiqə sonra uşağın halı o qədər yaxşılaşır ki, şənlənə də bilir. Bununla belə sonralar 2-3 həftə ərzində xəstəliyin spazmatik mərhələsində tutmalar intensiv və ağır olur. Hətta bu, bir gündə 8-10 tutmadan 30-40 tutmaya qədər arta bilər. Göy öskürəyin kəskin dövrü 3-4 həftə davam edir. Sonradan tutmalar seyrək və qısa, az əziyyətli olur. Bu isə xəstəliyin son mərhələsidir. Bu zaman xəstənin ifraz etdiyi bəlğəm çox qatı olub yaşıl rəngə çalır. Xəstəliyin başlanğıcından 5-6 həftə keçmiş tutmalar kəsilir və bəlğəm ifrazı dayanır. Xəstəliyin spazmatik mərhələsində müayinə zamanı qanın tərkibində leykosit və limfosit yavaşıması müəyyən edilir. Sidiyin xüsusi çəkisi artmış olur. Göy öskürəkdən ölüm olduqda müayinə zamanı ağ ciyər hüceyrələrində və uc hava yollarında anormallıq (emfizema), traxeya və bronxların selikli qişalarında iltihabi dəyişikliklər olduğu aşkarlanır.
Klinik gedişat
E.Abbasova bildirib ki, göy öskürək, əsasən, 2 yaşlı uşaqlar üçün daha təhlükəlidir. 4 yaşdan sonra isə göy öskürəyə yoluxma hallarına daha az rast gəlinir. Xəstəliyin inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edir. İlk klinik simptomlar; ümumi əzginlik, səsin xırıltılı olması, zəif zökəm və qırtlağın arxa divarında normadan artıq qan yığılmasıdır (hiperemiya): “Bəzən xəstəliyin bu dövründə temperatur cüzi də olsa, qalxır, 4-5 gün ərzində yuxarı tənəffüs yollarında xəstəlik əlamətləri şiddətlənir, ağ ciyərlərdə çoxlu quru xırıltı eşidilir. Göy öskürəyin bu dövründə klinik gedişatın adi diffuz bronxitə çox oxşaması, diaqnozun vaxtında qoyulmasını çətinləşdirir. Halbuki, bu dövrdə xəstələr yoluxdurucudur. Bu səbəbdən diaqnoz qoyularkən diqqətli olmaq vacibdir.
Dil çölə çıxır
Xəstəliyin inkubasiya (kataral) dövrü 8-10 gün, bəzən də daha çox davam edə bilər. Bundan sonra xəstəliyin spazmatik dövrü başlayır. Bu zaman öskürək başlandıqda xəstə uşağın nəfəsi dayanır. Qırtlaq və traxeya nahiyyəsində göynəmə və bir neçə güclü öskürək təkanları olur. Güclü nəfəs alma nəticəsində dil çölə çıxır və bir qədər yuxarı əyilir. Tutmalar tez-tez olduqda dilin altı dişlərə dəydiyi üçün zədələnir. Həmçinin burunda qanaxma və göz konyuktivasında kapliyar genişləməsi də ola bilər”.
Əzablı tutmalar
E.Abbasova qeyd edib ki, güclü nəfəs verməyə səbəb olan tez-tez və əzablı tutmalarla müşayət olunan göy öskürək ağ ciyərlərdə emfizemaya səbəb olur. Törədiciləri yuxarı nəfəs yollarının selikli qişalarında olan ikincili infeksiya nəticəsində, habelə göy öskürək bakteriyalarının təsiri ilə xırdaocaqlı pnevmoniyalar, peribronxitlər və bronxitlər törəyə bilər. Bunun nəticəsində xəstəliyin klinik gedişi xeyli ağırlaşır. Göy öskürək pnevmoniyasının təngənəfəslik, dodaqların sianozu, ağciyərlərin aşağı paylarında perkutor səsin qısalması və onlarda xırda qabarcıqlı yaş xırıltılar kimi simptomları var.
Diaqnozda çətinlik
Həkim-pediatrın sözlərinə əsasən, xəstəliyin müayinəsi üçün seliyin əkilməsi üsulundan və xəstənin ağız suyu nümunəsindən istifadə edilir. Epidemioloji göstərişlər olmadıqda, xüsusilə tək-tək təsadüflərdə göy öskürəyə kataral dövrdə diaqnoz qoymaq olduqca çətindir. Əgər xəstə ilə yaxından təmas olubsa və ya xəstə adamın getdiyi ictimai yerdə bu xəstəliyə yoluxma müəyyən edilibsə və xəstə uşaq son 3-4 həftə ərzində bu insanlarla təmasda olubsa, diaqnoz qoymaq xeyli asanlaşır: “Spazmatik öskürək tutmaları başlandıqda göy öskürəyin diaqnozu asanlaşır. Xəstəliyin ən ağır gedişi südəmər uşaqlarda olur. Bu zaman südəmər körpələrdə öskürək tutmaları olmur. Bunun əksinə, onlarda bir neçə öskürmədən sonra nəfəsin qısa müddətli dayanması baş verir. Orta və böyük yaşlı uşaqlarda göy öskürəyin gedişi ağır olmadıqda müayinə asanlaşır”.
Profilaktika və müalicə
E.Abbasova bildirib ki, göy öskürəyin profilaktikasında vaksinasiya önəmlidir. Xəstəliyə qarşı immunitet yaratmaq üçün Azərbaycanda peyvənd təqviminə əsasən, uşaqlar 4 dəfə, uşaq 2, 3, 4 və 18 aylıq olanda vaksinasiya həyata keçirilir.
Xəstəliyə yoluxmanı erkən aşkar etmək və bu tip xəstələri sağlam uşaqlardan ayırmaq lazımdır. Belə xəstələr körpələr evində və ya uşaq bağçalarında aşkarlanarsa, dərhal karantin tətbiq olunmalıdır. Xəstələnmiş uşaqla yaxın təmasda olan bütün sağlam uşaqlar immunizasiya edilməlidir: “Göy öskürək xəstəliyi keçirmiş uşaqlar xəstəliyin spazmatik tutmaları başlanan vaxtdan yalnız bir ay sonra uşaq bağçalarına və məktəblərə buraxıla bilərlər. Çünki onlar bu müddətdən sonra ətrafdakılar üçün yoluxucu olmurlar.
Xəstə şəxslər adətən evdə, ağır xəstələr isə amblator şəraitdə müalicə olunmalıdır. Xəstə olan otaqda və palatada havanın tez-tez dəyişdirilməsi məsləhətdir. Yaxşı olardı ki, belə xəstələrin istirahət mərkəzlərində, sanatoriyalarda, yaşıllıq olan ərazilərdə dincəlməsi təmin olunsun. Çünki bu xəstəliyin tez sağalmasına təkan verir”.
Onlar açıq havada gəzməli və yatmalıdırlar. Xəstələrə yarımduru, asan həzm olunan və kifayət qədər kalorili, vitaminlərlə bol olan, xüsusi ilə C vitamini ilə zəngin qidalar verilməlidir. Yeni doğulmuş körpələr isə döşlə əmizdirilməlidir. Göy öskürəyin kataral dövründə olan xəstələrə ilıq halda qələvi, mineral tərkibli sular içmək və 2% soda məhlulu ilə inqolyasiya etmək məsləhətdir: “Qeyd edim ki, göy öskürəyin ağır gedişi zamanı antibiotiklərdən istifadə edilmədikdə xəstəlik fəsadlaşır. Xəstəliyə yoluxmuş uşaqlar isə sağaldıqdan sonra ömürlük immunitet qazanırlar”.

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK