Arıqlamaq, sağlam bədən quruluşuna malik olmaq hər kəsin arzusudur. Amma bu arzunu gerçəkləşdirmək günümüzdə hamı üçün heç də asan deyil. Çünki artıq “Pəhriz ticarəti” formalaşıb və kimlərsə şəxsi mənfəətləri naminə, hətta insanların həyatı üçün təhlükəli olsa belə, öz “pəhriz” növünü təklif edir.
Ölkəmizdə əhalinin 60%-i piylənmədən əziyyət çəkir. Bunu “Zaman-Azərbaycan”a verdiyi açıqlamada diyetoloq Ləman Süleymanova bildirdi. Onun sözlərinə görə, xanımların bir çoxu arıqlamaq üçün müxtəlif yollara əl atır: “Onlar bildirirlər ki, filan preparatlardan istifadə etdik, aclıq hormonunu azaldan üsullara əl atdıq, müəyyən müddət arıqladıq, amma indi əvvəlkindən daha çox kökəlmişik”. Diyetoloq xanımlara pəhrizlərə kortəbii şəkildə əməl etməməyi məsləhət görür: “Hər kəsin keçirdiyi xəstəliklər nəzərə alınmalıdır və müəyyən hormonlar yoxlanmalıdır ki, piylənmənin səbəbi araşdırılsın. Pəhriz üçün sağlam proqram hazırlanmalıdır”.
“Səhər yeməyi ilə günorta arasında, eyni zamanda, günorta ilə axşam yeməyi arasında da müəyyən qidalar qəbul olunmalıdır ki, həzmi tezləşdirsin. Yeməyin arxasından idman etmək insanı kökəldir. Yeməklə idman arasında bir, ya da iki saat fərq olmalıdır”.
“Arıqlamaq istəyən xanımlara qızıl məsləhətlər”, “Tez və asan arıqlamağın 20 yolu”, “Qızıl diyet”... Bu ifadələr bəzi xanımlara elə də yad deyil. Xitabım, arıqlamaq üçün gözünü qırpmadan cibindəki pullarını diyetə, idman dərgilərinə, qızıl zamanlarını mavi ekran arxasında əyləşib arıqlama proqramlarına xərcləyən, eyni zamanda da bütün bu söylənənlərə inanaraq sağlamlıqlarını riskə atan xanımlaradır.
“Arıqlamaq biznesi” artıq milyardlarla dolların dövr etdiyi çox gəlirli bir sahəyə çevrilib. Bunun üçün dərmanlar, preparatlar və başqa variantlar təklif edilir. Bir çox yerlərdə diqqətçəkən reklamlarla rastlaşırıq. “Şok endirim”, “Yay gəldi qiymətlər əridi”, “Su qiymətinə” və s. kimi ifadələr istər-istəməz insanın diqqətini özünə yönləndirir. Maraqlıdır ki, əvvəllər bu kimi reklamlara daha çox qida və həyat üçün zəruri olan digər məhsullarda rast gəlinirdi. Amma artıq pəhrizlərlə də bağlı bu kimi reklamlara müraciət edilir.
Bu vasitələr, doğrudanmı, reklam olunduğu qədər effektlidir? Yoxsa “Pəhriz ticarəti” də artıq günümüzün, məişət deyil, biznes səhifələrində yer almağa başlayıb? Qadınların bu biznesə baş vurub-vurmaması ilə bağlı diyetoloq Ləman Süleymanovanın məsləhətlərini aldıq.
Arıqlamaq üçün istifadə edilən preparatların tərkibində narkotik tipli maddələr var
Diyetoloq Ləman Süleymanovanın sözlərinə görə, ölkəmizdə əhalinin 60%-i piylənmədən əziyyət çəkir: “Hətta mən təəssüf hissi ilə deyərdim ki, bu 60%-in 30%-ni uşaqlar təşkil edirlər. Xanımların bir çoxu arıqlamaq üçün müxtəlif yollara əl atır. Bunun üçün akopunktora kimi müxtəlif vasitələrdən istifadə edirlər ki, bunlar çox yanlışdır. Bəzən pasiyentlərim diyetoloqa gedib yanlış müalicə olunduqlarından şikayətlənirlər. Onlar bildirirlər ki, filan preparatlardan istifadə etdik, aclıq hormonunu azaldan üsullara əl atdıq, yaxud fitness salonlarına getdik, müəyyən müddət arıqladıq, amma indi əvvəlkindən daha çox kökəlmişik. Hətta mədə-bağırsaq problemləri ilə yaşayanlar da var”.
Onun dediyinə görə, araşdırmalar bu dərman preparatlarının tərkibində narkotik tipli maddələr olduğunu göstərir. L. Süleymanova bu vasitə ilə arıqlamağın, sadəcə, bədəndən suyu azaltdığını, dayandıran kimi çəkinin yenidən daha da artdığını bildirdi: “Çünki bu vasitələr, insanı özündən asılı vəziyyətə salır və müəyyən müddət sonra o dərmanların tərgidilməsi daha çox kökəlməyə səbəb olur. Bundan əlavə, maddələr mübadiləsi zəifləyir, xərçəngə meyilli hüceyrələr aktivləşir, immunitet kəskin dərəcədə zəifləyir, insanda qanazlığı yaranır və əgər gendə hər hansı bir xəstəlik varsa, onun üzə çıxmasına səbəb olur”.
“Jurnalların üzərindəki maniken fotoları, sadəcə, alıcı cəlb etmək üçündür”
Qeyd edək ki, son zamanlar məşhur maniken və müğənnilərin şəxsi pəhrizi adı altında riskli arıqlama metodları da yayılır. Məsələn, fitness - jurnallarda “Cennifer pəhrizi” başlığı ilə xanımlara arıqlama metodları göstərilir və Cennifer Lopezin fotoları qoyulur. Amma kim bilir, bəlkə o xanımın heç həmin pəhrizdən xəbəri belə yoxdur. “Hollivud” adlı pəhriz var. Hansı ki, o pəhriz hazırda qadınlar arasında məşhurdur. Aparılan araşdırmalar göstərir ki, bu pəhrizlər qidada karbohidratı mümkün olduğu qədər azaldır. Bundan əlavə, protein pəhrizində karbohidratlar gündəlik yeməkdən çıxarılır və hər gün protein qəbul edilir. Belə pəhrizlərdə də bir həftəni keçən protein pəhrizi artıq kökəlməyə meyillilik yaradır. Belə dəbli pəhrizlərdən istifadə edən qadınlar özlərini zehni, ruhi, fiziki zədələnmə ilə qarşı-qarşıya qoyurlar. Bu tip pəhrizlər qısa müddətə çox arıqlatsa da pəhrizi dayandırdıqdan sonra əks effekt verir. Bu məsələyə münasibət bildirən müsahibimiz qadınlara bu mövzuda yetərincə həssas davranmağa və sağlamlıqlarını bu yollarla riskə atmamağa çağırdı: “Hal-hazırda xanımlarımızın diqqətini ən çox çəkən, jurnalları bəzəyən maniken fotoları, eyni zamanda dərman preparatlarıdır ki, istər-istəməz insanda maraq, həvəs oyadır. Ancaq mənim sözüm həmin xanımlaradır ki, bunların hamısı boş şeylərdir və bu fotolar, sadəcə, alıcı cəlb etmək üçündür. Odur ki, etibarlı bir şəkildə arıqlamaq üçün reklamlara deyil, mütəxəssislərə müraciət etmək lazımdır”. Ləman xanım mütəxəssisə müraciət etməyin əhəmiyyətini bununla əlaqələndirdi ki, həkim hər bir pasiyenti ümumi müayinədən keçirərək öz bədən çəkisinə, qan təzyiqinə və ümumi sağlamlığına görə müəyyən pəhrizlərə əməl etməyi məsləhət görür.
Kortəbii şəkildə istifadə edilən pəhrizlər normal deyil
Qadınlar pəhrizlərin müəyyən müddətdən sonra öz təsirini itirməsindən şikayətlənirlər. Bunun da səbəbi pəhrizlərin normal olmamasıdır. Bir həftə müddətində orqanizm qidadan məhrum olursa, yağ, duz dadmırsa bədən artıq arıqlamır, çökür və qəbul edilən ən az qidadan belə orqanizm özünə yağ götürməyə çalışır. Nəticədə insan əvvəlkindən daha çox çəki ilə qarşı-qarşıya qalır. Müsahibimiz deyir ki, bu, arıqlamaq deyil, bədənə işgəncə verməkdir: “Kortəbii şəkildə tətbiq edilən pəhrizlər normal deyil, sadəcə, bədənin müvəqqəti olaraq arıqlaması, orqanizmin isə çökməsidir”.
Qida ilə kökəlirsənsə, qida ilə də arıqlamalısan
Bəzən qadınlarımız gündə 3 litr su içərək arıqlamağa meyil edirlər. Ancaq həkim Ləman Süleymanova bunun qətiyyən doğru olmadığını dilə gətirdi: “İnsanlara qida mədəniyyəti aşılamaq lazımdır. Düzgün qidalanma ilə arıqlamaq olar. Ancaq necə? Səhər, günorta yemək yeməyib, axşam yesən, təbii ki, bu yolla arıqlamaq mümkün deyil. Bu şəkildə qəbul edilən bütün yağlı qidalar piylənməyə səbəb olar. Səhər yeməyi ilə günorta arasında, eyni zamanda günorta ilə axşam yeməyi arasında da müəyyən qidalar qəbul olunmalıdır ki, həzmi tezləşdirsin. Yeməyin arxasından idman etmək insanı kökəldir. Yeməklə idman arasında bir, ya da iki saat fərq olmalıdır. Yeməkdən dərhal sonra və ya yeməyin ortasında su içmək, yaxud qazlı içki insanı kökəldir. Ancaq yeməkdən öncə bir stəkan su insan sağlamlığına xeyirlidir. Elə bunun üçün də Allah-Təala orucluqda çox gözəl bir şey nəsib edib ki, insanlar yeməkdən əvvəl su içsinlər. Elə buradan da anlamaq olar ki, suyun yeməkdən əvvəl xeyirləri var imiş”.
Müsahibimiz yeni ana olan xanımlara da iradını bildirdi: “Hamilə qadınlar övladlarını dünyaya gətirdikdən dərhal sonra dərman preparatlarından istifadəyə başlayırlar ki, bu, özünə ziyandan əlavə, uşağa da böyük zərər vurmuş olur”.
Piyada gəzmək insanı arıqladır
Fiziki aktivlik, ümumiyyətlə, sağlam arıqlamağın ən gözəl yoludur. Çünki xərçəngə meyilli hüceyrələr qidalanmırlar və belə insanlar xərçəng xəstəliyindən əziyyət çəkmirlər. Lakin idman o demək deyil ki, mütləq fitness salona gedəsən, aerobika ilə məşğul olasan. Ən gözəl fiziki aktivlik piyada gəzməkdir. Bu, insanı özündən asılı etmir. Gün ərzində 15-20 dəqiqədən başlayaraq, 30 dəqiqəyə qədər gəzmək, insan orqanizminə və arıqlamağa müsbət təsir göstərir.
Mütəxəssislə məsləhətləşin...
Xanımlara kortəbii şəkildə, eşidib-gördükləri pəhrizlərə əməl etməməyi məsləhət görən diyetoloq dedi: “Belə hallarda xanımlarımız mütləq və mütləq diyetoloqla görüşüb, onlardan məsləhət almalıdırlar. Çünki hər kəsin orqanizmi fərqli olduğu üçün, əvvəlcədən sorğu-sual olunmalı, bədən çəkisinə baxılmalı, ümumi keçirdiyi xəstəliklər nəzərə alınmalıdır və müəyyən hormonlar yoxlanmalıdır ki, piylənmənin səbəbi araşdırılsın. Qan təzyiqi və orqanizmin ümumi vəziyyəti nəzərə alınmalı və buna uyğun olaraq, sağlam proqram hazırlanmalı və müəyyən pəhrizlər məsləhət görülməlidir”. Diyetoloq səhər, günorta, axşam da yemək yeməklə normal pəhriz saxlamağın mümkünlüyünü bildirdi. Sadəcə, hər şey normasında olanda gözəldir. Unutmamaq lazımdır ki, həyatda heç bir şey insan sağlamlığından daha vacib deyil. Sağlığımız isə bizə verilmiş bir əmanətdir. Gəlin əmanətimizə sahib çıxaq.
Mənbə: Milli.Az