Qadin.NET / Xalça Muzeyi əhaliyə müraciət etdi

Xalça Muzeyi əhaliyə müraciət etdi

 

Milli.Az xəbər verir ki, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycan xalqına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Azərbaycan mədəniyyətinin böyük bir sahəsini təşkil edən qədim xalça sənətimiz əsrlərdir ki, tariximizin, adət-ənənlərimizin, məişətimizin sirlərini özündə qoruyub, saxlayır. Zəngin kolleksiyaya malik olan L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi uzun illərdir ki, bu tarixi mənbəni böyük qayğı ilə qoruyaraq, sevgi ilə yaşadıb, onu bütün dünya xalqlarına tanıtdırıb, sevdirib. Xalqımızın maddi-mədəni irsinə, mənəvi dəyərlərinə xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzey ilə tanış olub, onun yeni bina ilə təmin olunması haqqında sərəncam imzaladı. Artıq yeni bina tikilib, hazır olmaq üzrədir. Öz monumentallığı ilə bütün dünyanı heyran edən qədim xalça sənətini, tikmə, zərgərlik, misgərlik nümunələrini, milli geyimlərimizi və s. müasir standartlarına cavab verən yeni muzey-kompleksində dərin mənalı, daha maraqlı, ətraflı tanıtdırmaq, təqdim və təbliğ etmək hər birimizin borcudur. Xalça sənəti ilə, xalça çeşniləri ilə bağlı əfsanə, rəvayət, tarixi faktlar təqdim etməyi, habelə toxucularla, qocaman xalça ustaları ilə və yaxud bu sənətə yaxından bələd olan insanlarla tanış olmaqda, onlardan bu sənətlə bağlı söhbətlər aparıb, məlumatlar toplamaqda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə yardım etməyinizi Sizdən xahiş edirik. Ən yaxşı və maraqlı təkliflər Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən mükafatlandırılacaq”.Məlumatlar təqdim olunacaq ünvanı: Bakı şəh., Neftçilər prospekti 123 a , Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi.

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK