Qadin.NET / Körpə fabriki: burada sifarişlə uşaq doğacaqlar

Körpə fabriki: burada sifarişlə uşaq doğacaqlar

 

Hindistanda dünyanın unikal klinikası inşa olunur. "Körpə fabriki" adlandırılan bu xəstəxanada surroqat analar dünyaya uşaq gətirəcəklər. Övlad anası olmaq istəyən xanımlar bu klinikaya müraciət edərək 5 min funt-sterlinqin müqabilində arzularını çin edə bilərlər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, unikal klinika layihəsinin müəllifi doktorPatel Naynadır. Hindistanın Qucarat ştatındakı kiçik Anandu şəhərində inşa ediləcək klinikada başqaları üçün uşaq doğmağa razılaşmış yüzlərlə hindli qadın olacaq. Yerli media Pateli yoxsul qadınların acınacaqlı durumlarından yararlanaraq onları istismar etməkdə suçlayır. Patel isə bu ittihamları rədd edir: "Mən kasıb və yoxsul qadınlara surroqat analıq edərək uşaq doğmaqla pul qazanmaq imkanı yaradıram. Başqasının uşağına hamilə qalmaq və sonra da o uşağı doğub "sifarişçi" ailəyə vermək belə qadınlar üçün yoxsulluq bataqlığından qurtuluş ola bilər". Patel Naynanın dediyinə görə, surroqat analara tələbat böyükdür. Potensial müştərilər arasında isə qərblilər, xüsusilə də britaniyalılar əksəriyyət təşkil edirlər. Klinikanın xidmətlərindən yararlanmaq istəyən ailə sperma və ya embrionu surroqat uşaq laboratoriyasına yollamalıdır. Patelin klinikasındakı qadınlardan həmin embrion və ya sperma ilə süni mayalanma prosesinə məruz qalacaq, 9 aylıq hamiləlik dövrü keçəcək, doğacaq və dünyaya gələn uşaq da sifarişçiyə veriləcək. İnşası 13 milyon dollara başa gələcək klinika ən yüksək standartlara cavab verəcək. Patel Naynanın dediyinə görə, bu klinika dünyanın ən böyük surroqat analar mərkəzi olacaq. Hazırda Patel Naynanın kiçik surroqat analıq mərkəzi var. Burada 100 hamilə qadın var. Patel Nayna bu qadınların hər birinə 4950 funt-sterlinq ödəyib. Həmin qadınların doğduqları uşaqların hər biri isə sifarişçi ailəyə minimum 17250 funt-sterlinqə satılacaq. Vasanti bu klinikada surroqat analardan biri olub: "Ərim Aşok da başqası üçün hamilə qalmağıma razılaşdı. Uşağı doğdum, aldığım pulla da qızımı Manisa İngilis Məktəbinə yolladım". 54 yaşlı kanadalı Barbara surroqat analar mərkəzinin sifarişçiləri arasındadır. 30 ildən bəri ana olmağa çalışan, amma arzusu çin olmayan Barbara doktor Nayna Patelin surroqat analıq mərkəzinə üz tutandan sonra niyyətinə çatıb. İndi onun kiçik qızı var.
 

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK