Azərbaycan Diplomatik Akademiyası (ADA) 1 oktyabrdan 2014-2015-ci akademik il üçün Diplomatiya və Beynəlxalq Münasibətlər və İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna start verib.Trend-in məlumatına görə, bu barədə ADA-nın Kommunikasiya Departamentindən bildirilib. Məlumatda qeyd olunur ki, ADA-nın magistratura proqramları ikiillikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. ADA-nın tədris proqramlarında azərbaycanlı tələbələrlə yanaşı, dünyanın 27 ölkəsindən tələbələr təhsil alırlar. Təhsil müddətində yüksək nəticələr göstərmiş namizədlərə təhsil haqqına 100 faizlik güzəştlər təklif olunur. Bununla yanaşı, ADA-nın Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanmışdır. Modullarla tədris olunan bu proqram minimum dördillik iş təcrübəsi olanlar peşəkarlar üçün nəzərdə tutulmuşdur. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrix şəhərlərində tədris edilir. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar. Maraqlanan namizədlər üçün hər həftənin çərşənbə axşamı saat 4-də məlumat sessiyaları keçirilir. Bu sessiyalarda iştirak üçün 012 437 08 30 nömrəli telefon vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Namizədlər ADA-nın veb səhifəsində elektron ərizə ilə seçdikləri tədris proqramına müraciət edə bilərlər.
Mənbə: Milli.Az