Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruŞahmar Mövsümov, diplomatik korpusun nümayəndələri, həmçinin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərkəzin direktoru A.Ələkbərov mərasimdə çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Mərkəzi beynəlxalq tədbirlərin, simpoziumların və konfransların keçirildiyi məkan olub: "Mərkəzdə bir sıra beynəlxalq sərgilər təşkil edilib, o cümlədən bir müddət bundan əvvəl Endi Uorholun 10 min nəfərdən çox insanın gəldiyi sərgisi keçirilib".Onun sözlərinə görə, T.Salahov iştirak etdiyi hər sərgidə bir nömrə olub: "Və ona Azərbaycan təsviri incəsənətini belə yüksək səviyyəyə qaldırdığı üçün minnətdarıq. Bir qədər əvvəl ona Rusiyanın Dövlət Mükafatının verilməsi isə heç də təsadüfi deyildi. Rusiya Prezidentinin Tahir Salahovun ünvanına söylədiyi "dünya şöhrətli" sözü bizim hamımızda böyük iftixar hissi doğurdu".Xalq rəssamı Tahir Salahov qeyd edib ki, Heydər Əliyev Mərkəzində fərdi sərginin açılması onun üçün böyük şərəfdir: "İlk dəfə mənim sərgim bu Mərkəzdə keçirilir. Mən öz yaradıcılığım üçün çox böyük stimul aldım. Mən bu sərgimi ümummili lider Heydər Əliyevin bu il qeyd etdiyimiz 90 illik yubileyinə həsr edirəm. 2013-cü il Heydər Əliyev ilidir, başqa cür ola da bilməz".Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb.
Mənbə: Milli.az