Milli.Az xəbər verir ki, Almaniyada dərc olunan “Braunschweiger Zeitung”, “Wolfsburger Nachrichten”, “Peiner Nachrichten” və digər qəzetlərdə jurnalist Rixard Kisslerin “Qafqazın şimalında ciddi nəzarət rejimi” başlıqlı məqaləsi dərc edilib.
Samur sərhəd-keçid məntəqəsinin iş həyatının təsvirinə həsr olunmuş məqaləyə müəllif Azərbaycanın şimal bölgəsinin gözəl və rəngarəng təbiətinin təsviri ilə giriş verir. Jurnalist qeyd edir ki, Samur məntəqəsinin gözəl binası, təmiz və gül-çiçəkli həyəti “Odlar diyarı”nın qonaqpərvərliyindən xəbər verir. Müstəqillik qazandıqdan sonra neft və qaz gəlirlərinin Moskvaya deyil, ölkənin tərəqqisinə axması nəticəsində 20 il ərzində artan inkişaf hər tərəfdə diqqəti cəlb edir.
Məqalədə bildirilir ki, qeyd edilən keçid məntəqəsindən gün ərzində 550 avtomobil keçir. Yüksək texnologiya ilə təmin olunmuş məntəqədə yoxlama çox ciddi gedir: "Yük maşınları giriş və çıxışda radiaktiv maddələr üzrə skaner olunur, xüsusi hazırlıqlı itlər narkotik maddələri axtarır, xüsusi kameralarla maşının görünməyən tərəfləri və yanacaq çəni yoxlanılır. Eyni zamanda minik avtomobillərinin yükləri boşaldılır və yoxlanılır. Sərhəddi keçən bütün şəxslərin biometrik şəkilləri çəkilir".
Məqalədə, həmçinin jurnalistin Samur məntəqəsi ilə tanışlığı zamanı sərhəddi keçən Belarus vətəndaşı İqor Çumiçovun fikirləri də yer alır: “Burdakı sərhədçilər nəzakətlidirlər”.
Müəllif bildirir ki, sərhəddin Rusiya tərəfində vəziyyətin sakit olmadığını nəzərə alaraq, Azərbaycan tərəfinin ciddi sərhəd yoxlamaları başa düşüləndir. Dövlət Sərhəd Xidmətinin zabiti Azad Qasımov bildirir: “Biz qaçaqmalçıları, sərhəddi qanunsuz keçmək istəyənləri və saxta sənədləri müəyyənləşdirə bilirik. Bununla belə, çalışırq ki, məntəqədəki insanlar özlərini rahat hiss etsinlər. Biz heç üstümüzdə silah da gəzdirmirik”.
Azad Qasımov, eyni zamanda, qeyd edir: “Biz qəbul edə bilmərik ki, Rusiya tərəfi Azərbaycandan qanunsuz keçirilmiş əşyaları taparaq, bunların azərbaycanlı sərhədçilərin gözündən yayındığını düşünsünlər”.
Müəllif yumor hissi ilə qeyd edir ki, sərhəd yoxlamalarının bu dərəcədə ciddiliyinin əsl səbəbi məhz budur.
Qeyd edək ki, məqalə Almaniyanın ümumi tirajı yarım milyon olan on qəzetində dərc olunub.
Mənbə: Milli.Az