Qadin.NET / Kino-kino oynamaq

Kino-kino oynamaq

Aliyə yazır...

Nizami Kino Mərkəzinin qarşısında “Azərbaycanfilm” kinostudiyasının 90 ilik yubileyi qeyd olunur. Tədbirin təşkilatçıları illah ki kinostudiyanın tarixini vurğulamaq niyyətindədi-köhnə kinokamera relslərin üzərində hərəkət edir və “əsrin əvvəllərinin Bakı”sını “çəkir”: qoçuların “matışkə” dedikləri rus barışnyası ortalıqda dümələnir- bekarçılıqdan və tülkü ədaları ilə gəzməkdən bezən aktrisa yüzüncü dəfə saralmış vərəqli köhnə afişaya baxır, qara kostyumlu, əli qəzetli intillegent onun o tərəf bu tərəfinə keçir, məqsədsiz məramsız ora bura qaçır, qara-qara uşaqlar afişanı cırır, afişa yapıçdıran rolunda Akademik teatrın aktyoru Firuz Xudaverdiyev hirslənir, çarşablı qadın iki yüzüncü dəfə yaşmaqlanır və s. Bu “köhnə zamanlar filmi” bir qədər cazibəli görünsə də, bir az tamaşa edəndən sonra nə oynayacaqlarını bilməyən aktyorlara necəsə kömək etmək istəyirsən. Çünki bu nə filmdi, nə də doğruçu çəkilişə oxşayır. Sadəcə yubiley münasibətilə “kino-kino”oynayırlar.

Amma nə olardı, elə burdaca müasir kameralar quraşdırılardı və buradaca balaca bir epizod çəkilərdi. Nəinki yalandan kino-kino oynamaq.

Ümumiyyətlə, bu keçmiş sevgisi haradandı belə? Bəlkə doğrudan da indiki zamanda xoşbəxt ola bilməyəndə keçmişin xoş xatirələrinə qapılırsan? Mola Nəsrəddin sayağı “Ax, cavanlıq! Qırğı kimi idim” deyib, camaata eşitdirirsən? Ya da demək istəyirsən ki “Ayə, ay camaat bu kino ki var, çox qəliz məsələdir...” Bu tədbirdə “Azərbaycanfilm” həqiqətən də köhnə xatirələri ilə əlləşən 90 yaşlı qocadır. İmkan olan kimi xatirələrini danışır. Bəlkə də belə olmalıdır. Qocalar belə olur. Amma kinonun daim dəbdə olmaq, zamanı saymamaq kimi bir cəhəti də var.

Bu gün kinonu necə çəkirlər? Bu, özü bir filmin mövzusudur. “Bəyin oğurlanması” kimi məşhur filmimiz elə bu mövzuda deyilmi?

Yubiley yazısı acı olmasın. Kino zəhmətkeşlərini təbrik edirəm. Qoy bu tədbirdəki son nostaljimiz olsun! Kino həsrətimiz bitsin! Doğruçu kinolara baxaq. Kinonun vacib olduğunu anladaq! Nəinki “kino-kino” oynayaq...

 

Mənbə: Lent.Az

1 oktyabr 2013
GO BACK