Qadin.NET / O, məzhəb davasını uğurla həll etdi

O, məzhəb davasını uğurla həll etdi

Məzhəblər arası yaxınlaşma prosesinə yardım edən, təəssüb və düşmənçiliyi aradan qaldırmağa çalışan böyük alimlərdən biri də XIX əsrin sonlarında yaşamış məşhur “tənbəki fətvası”nın müəllifi mərhum Ayətullahül-üzma Mirzə Mühəmməd Həsən Şirazi idi (ona qısaca olaraq “Mirzayi-Şirazi” deyirlər).

Alimin nəticəsi Seyyid Rəzi Şirazi öz xatirələrində belə deyir:
Mirzayi-Şirazinin dövründə Samirə şəhərinin bazarında bir şiə tələbə ilə bir sünni baqqal arasında narazılıq yaranır. Bu ixtilaf böyüyərək xeyli insanları da əhatə edir. Hətta şəhərin təəssübkeş sünni əhalisindən bir neçə nəfər alimin evini daşa tutur. Ətraf məntəqələrdə (Nəcəf, Kərbəla kimi şəhərlərdə) yaşayan şiələr Mirzayi-Şirazidən icazə istəyirlər ki, münaqişəyə qoşulub vəziyyəti öz xeyirlərinə dəyişdirsinlər. Amma o, bu təklifi qətiyyətlə rədd edir.
Əhvalatı eşidən ingilis və rus səfirləri təcili olaraq Mirzayi-Şirazi ilə görüşür, guya şiələri sünnilərdən qorumaq üçün öz köməklərini təklif etmək məqsədi ilə alimin evinə gəlirlər. Amma uzaqgörən müctəhid səfirlərin əsl məqsədini duyaraq onları qəbul etmir.
Osmanlı imperiyasının Bağdaddakı valisi bu hadisədən xəbərdar olan kimi Samirəyə gəlib alimlə görüşür. O, Mirzayi-Şirazidən icazə istəyir ki, şəhərdə iğtişaş törədən təəssübkeş sünniləri cəzalandırsın. Alim razı olmayıb buyurur: “Bunlar mənim balalarımdır, bir-biri ilə savaşıblar, özümüz münaqişəni həll edərik.”
Vali bu söhbət barədə Osmanlı sultanı II Əbdülhəmidə yazır. Sultan alimin xarici səfirlərə verdiyi rədd cavabını və dövlət qüvvələri hesabına sünniləri cəzalandırmaq təklifini qəbul etməməsini yüksək qiymətləndirir, özü Mirzayi-Şiraziyə aşağıdakı məzmunlu teleqram göndərir: “Sizə edilmiş hörmətsizlik müqabilində hər nə istəsəniz, günahkarlar barəsində icra etməyə hazırıq.” Mirzayi-Şirazi cavabında yazır: “Biz onları əfv etdik.”
Beləliklə, zəkalı din xadiminin səbr və bacarığı sayəsində qısa müddət ərzində qarşıdurma aradan qalxır; həm qardaş qırğınının qarşısı alınır, həm də xarici qüvvələrin məsələyə qarışmasına icazə verilmir.
Deyirlər ki, son onilliklərə kimi İraqın Samirə şəhərində yaşayan qocalar belə söyləyirmişlər: “Nəhnüt-tüləqa” (“Biz bağışlanmışlarıq”). Yəni biz Mirzayi-Şirazinin sayəsində cəzadan xilas olub Osmanlı sultanının qəzəbindən qurtarmışıq.
 
Mənbə: Milli.Az

 

1 oktyabr 2013
GO BACK