Qadin.NET / Dünyanın ən qəribə toyu

Dünyanın ən qəribə toyu

 

ABŞ-ın Kaliforniya ştatında qətllə bağlı rutin məhkəmə prosesi kuryozla başa çatıb. Hakim hökmü oxuyandan cəmi bir dəqiqə sonra nikah mərasimi keçirib və müttəhimi ailə qurması münasibətilə təbrik edib. Di gəl, təzə bəy gəlininə yarım əsr sonra qovuşacaq. Təzə bəyə çevrilmiş müttəhim Denn Desbrounun məhkəməsi prosesi San-Dieqo şəhərində keçirilib. Milli.Az UTSanDiego-ya istinadən bildirir ki, 36 yaşlı D.Desbroun qətldə suçlanaraq 53 il müddətinə azadlıqdan məhrum edilib. Hökm oxunandan dərhal sonra hakim Patrisiya Kukson zaldakıların tam əksəriyyətinin çölə çıxmasını tələb edib. Zalda yalnız müttəhimin valideynləri və bacısı, habelə onun nişanlısı, 33 yaşlı Destininin qohumları qalıblar. Hakim Kukson nikahı rəsmiləşdirib, Denn və Destini öpüşüblər.

Bundan sonra Patrisiya Kukson təzə bəylə gəlinə evində bişirdiyi tortu verib. Məhkəmə zalına bıçaq keçirmək yasaqlandığından Kukson tortu əvvəlcədən kəsmişdi və bu minvalla təzə bəylə gəlin tort tikələrini plastik çəngəllərlə yeyiblər. Nikahdan əvvəl Patrisiya Kukson çox sərt idi. O, ağır cəzanı nəzərdə tutan ittihamı mümkün qədər tez oxumağa çalışıb, habelə işə yenidən baxılması və hökmün vaxtının dəyişdirilməsi ilə bağlı vəsatətləri rədd edib. Müttəhimin vəkili Stiv Klaynın dediyinə görə, baş verənlər onun üçün də gözlənilməz olub: "Bu, fenomenal gün idi. Nikahla bağlı xahişi nəzərə aldığına görə hakimə minnətdaram. Həyatım boyu belə proses görməmişdim". Denn Besropu 2003-cü ildə Kevin Santosu qətlə yetirmişdi. Uzun illər boyu qatili ifşa etmək mümkün olmasa da, sonucda Dennə qarşı ifadə verən şahid tapılmışdı. Denn və Destini 20 il əvvəl tanış olublar. Destini hamilə qalandan sonra onlar ayrılmışdılar. Bu ilin yanvarında isə Destini oğlunun xahişi ilə Denni Facebook-da tapmışdı. Fəqət, həmin vaxt Denn artıq həbsdə idi. Destini məhkəmənin hər iclasına qatılmağa başladı və proses zamanı Denn oğlunun 33 yaşlı anasına evlənməyi təklif etdi. Destini də hakim Kuksondan nikahı rəsmiləşdirməyi istəmişdi. Nikah zamanı təzə bəyin biləklərində qandal vardı, zalın bütün qapıları bağlı idi. Yaşananları 5 polis zabiti diqqətlə izləyirdilər. Patrisiya Kuson 1992-ci ildə Kaliforniya ştatının qubernatoru Pit Uilsonun qərarı ilə hakim təyin olunmuşdu.


Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK