Qadin.NET / Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı

Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı

 

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
Hər dəfə televiziyada “Bir qalanın sirri” filmi nümayiş olunanda ağıllı və cəsarətli Mətanət barədə bilmək istəyirsən. Uğurlu ekran işlərindən biri sayılan bu film artıq 50 ildən çoxdur ki, maraqla izlənilir. Film qəhrəmanlarının ayrı-ayrı ifadələri isə çoxdandır ki, xalq arasında işlədilən replikalara çevrilib.
1959-cu ildə görkəmli Azərbaycan kinorejissoru Əlisəttar Atakişiyev tərəfindən çəkilmiş bu uşaq filmi hamı üçün həm də onları öz uşaqlığına aparan bir sehrli nağıldır. Amma filmə təkcə uşaqlar deyil, böyüklər də sevə-sevə baxırlar.
Yəqin ki, çox adam bilmir ki, “Bir qalanın sirri” filmində Mətanət obrazını yaratmış aktrisa milliyətcə azərbaycanlı deyil.
Beləliklə, filmdə Göygöz Kosa ilə mübarizə aparan Mətanət bacı - Tamara Kokovanın həyat və yaradıcılığı barədə məlumatları təqdim edirik.
Film ekranlara çıxandan sonra Mətanət obrazı azərbaycanlı uşaqların ən sevimli qəhrəmanına çevrildi. Məhz bu filmdən sonra “Mətanət” adı Azərbaycanda sürətlə populyarlaşdı.
Rusiyanın əməkdar artisti Tamara Akaşevna Kokova 15 mart 1934-cü ildə Kabardin-Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhərində anadan olub. Milliyətcə osetin olan bu aktrisa 1958-ci ildə Lunaçarski adına Dövlət Teatr İnstitunu bitirib. 1959-cu ildən “Gürcüfilm”in aktrisası işləyib. 1971-ci ildən RSFSR-in əməkdar artisti adına layiq görülüb.
“Fatimə” filmində oynadığı baş rola görə Ümumittifaq Kinofestivalının prizini alıb. Tamara Kokova 1975-ci ildə avtomobil qəzasına düşdükdən sonra aldığı zədələr üzündən sonralar filmlərə çəkilməyib. Bir neçə dəfə əməliyyat olunsa da, bu, Kokovanın çəkiliş meydanına qayıtmasına imkan verməyib.
Bu ilin mart ayında 79 yaşını qeyd edən Tamara Kokova Moskvada yaşayır. Ailəlidir, bir qızı var.
O, Azərbaycanda təkcə “Bir qalanın sirri” filminə çəkilməyib. Həm də "Bir məhəllədən iki nəfər"də Həlimə, "26 Bakı komissarı"nda Caparidzenin həyat yoldaşı, "Torpaq, dəniz, od, səma" filmində Gülsüm rollarını məharətlə ifa edib, həmçinin "Ulduzlar sönmür" filmində çəkilib.

 

 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK