Milli.Az "Cənub TV"yə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmasının təminatı üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmət göstərməyə davam edir. Bu dəfə də “ASAN” səyyar xidmətdən Cəlilabad və ətraf rayonların sakinləri yararlanıblar. 25 sentyabr tarixindən Cəlilabad rayonuna gələn “ASAN” səyyar xidmət burada yerli, eləcə də Biləsuvar rayonundan olan sakinlərə xidmət göstərir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir. “ASAN xidmət” Cəlilabad rayonunda sakinlərə oktyabr ayının 9-dək xidmət göstərəcək. Onu da bildirək ki, bu günə kimi Səyyar “ASAN xidmət” çərçivəsində 13 məntəqədə 24 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır.
Mənbə: Milli.Az