Qadin.NET / Özümüzü avropalı sanırıq, yollarımız isə...

Özümüzü avropalı sanırıq, yollarımız isə...

 

Dünyanın bir sıra ölkələrində yollarda nişanlar və işıqforlar hərəkət intensivliyindən asılı olaraq dəyişir. Azərbaycanda isə bu məsələ günün hansı saatı olmasına baxmayaraq, dəyişməz qalır. Məsələn, sürücü sürət məhdudiyyəti 60 km/s olan yolda gecə saat 3-də sürəti 75 km/s-dırsa, mütləq radara düşərək cərimələnəcək. Həmin vaxt yolda avtomobil və piyadanın olmaması burada nəzərə alınmır.Ekspertlər hesab edirlər ki, yol nişanlarını Avropa sisteminə uyğunlaşdırmaq, sutkanın müəyyən saatlarında təsir imkanını dəyişmək hələ tezdir. Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlov Milli.Az-a açıqlamasında bildirdi ki, bu uyğunlaşma sonradan böyük mübahisələr doğura bilər. Mütəxəssinin sözlərinə görə, sürücülük mədəniyyəti bunun üçün hələlik yetərli deyil. Sürücülərin bir qismi belə məqamlardan istifadə edərək qaydanı pozacaq. Ona görə də, təhlükəsizliyin təmin olunması baxımında belə keçid yaxşı deyil. S.Gözəlov qeyd etdi ki, Azərbaycanda yol hərəkətində sərtliyi yumşaldan kimi əks effekt yaranacaq, xeyir əvəzinə ziyan tapacağıq:“Azərbaycan qanunvericiliyinə görə, təyin olunmuş sürət həddi 10 kilometr/saatdan artıq olarsa, inzibati xətalar işləməyə başlayır. Sürücülərə icazə verilsə ki, gecə saatlarında sürət məhdudiyyəti 60 olan yolda 75-lə avtomobil idarə etsinlər, inandırım ki, onların böyük əksəriyyəti 105-lə idarə edəcəklər. Öz sürücülərimizin psixofizioloji xüsusiyətlərini bilirik. İkitərəfli yolda bir sürücü qarşı hərəkət zolağına çıxarsa, arxasında bütün maşınlar onun ardınca gedirlər. Nəticədə yol bloklanır və hərəkət dayanır”. Elmlər namizədinin fikrincə, şüura, təfəkkürə hesablanan məsələlərin polisin cərimə, inzibati cəza ilə həll etmək imkanı yoxdur: “ABŞ-da sürücü yol hərəkəti qaydalarını müəyyən məqamlarda poza bilər. Polis də saxlayaraq sürücüdən belə bir qayda pozuntusu etməyə əsasının olub-olmamağını soruşur. Sürücü də uşağı xəstəxanaya aparmalı olduğundan belə bir addım atdığını deyir. Polis bunu buraxır və özündə qeyd apararaq araşdırma aparır. Əgər həmin sürücü polisi aldadıbsa, onun cəzası çox ağır olur. Biz buna hazır deyilik. Bizə də zaman lazımdır, 10 ildən sonra bizdə də belə olacaq və Avropa bizə qibtə edəcək”.Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda gündüz və gecə olmasından asılı olmayaraq, nişanların tələbi dəyişmir. Bölmə rəisi deyir ki, buna əməl etmək lazımdır.

 

V.Əsədov vurğuladı ki, Azərbaycanda “Yol hərəkəti haqqında” qanunda sürət həddinin aşılması 4 formada məsuliyyət yaradır. Sürət həddinin 10-20, 20-40, 40-60, 60-da yuxarı olmasından asılı olaraq müxtəlif cərimə bal və məbləği tətbiq olunur. 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK