Qadin.NET / I qrup əlillər təhsil haqqından azad edilə bilərlər

I qrup əlillər təhsil haqqından azad edilə bilərlər

 

Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.Trend xəbər verir ki, Parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış və ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.
Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili dövlətə məxsus ali məktəblərə ödənişli əsaslarla daxil olan I qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib: "Topladığı balla ödənişli əsaslarla Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinə daxil olan gözdən I qrup əlil Anar Nəbiyev 1800 manat məbləğində olan vəsaiti ödəmək iqtidarında olmadığı üçün ali təhsildən kənarda qala bilərdi və biz onun təhsil haqqının ödənilməsinə dəstək etmək məqsədilə mən - millət vəkili olaraq, müəyyən qurumlara müraciət etdim ki, belə bir dəyərli gəncimiz ali təhsildən kənarda qalmasın. Amma o, bütün təhsil alacağı illər üçün hər il bu qədər vəsaiti ödəmək məcburiyyətindədir ki, ailəsinin də buna heç bir imkanı yoxdur. Anar Nəbiyev hər iki gözünün görməməsinə baxmayaraq, idmanla məşğul olub, beynəlxalq səviyyəli şahmat yarışlarının qalibi olub. Bu cür istedadlı, lakin sağlamlıq imkanları məhdud olan insanların ali təhsil müəssisələrində ödənişli təhsildən tamam azad edilməsinə böyük ehtiyac var".
Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meylinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

 

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK